«TCF» Bank Olmayan Kredit Təşkilatının (BOKT) vəziyyəti məlum olub.
“TCF” BOKT ikiqat geriləyib - Kreditlə bağlı müraciətlər azalıb - PORTFEL KİÇİLİB
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 2025-ci ildə şirkət 2 dəfə kiçilib, onun kredit portfeli isə 4 dəfə azalıb.
Qeyd edək ki, «TCF» BOKT ölkənin tanınmış elektron əşyaların satış şəbəkələrindən olan «Baku Elektroniks»ə məxsusdur və məşhur səhmdarının fonunda demək olar ki, diqqəti cəlb etmir. Amma bu vəziyyət BOKT-a ildə 800 min manatdan aroıq xalis mənfəət qazanmağa mane olmayıb. Hərçənd böyük ehtimalla şirkət 2026-cı ildə də belə yüksək gəlirlə işləyə bilməyəcək.
Səbəbi – BOKT-un çörək ağacı olan kredit portfelinin kəskin şəkildə – 14,4 milyon manatdan 3,7 milyon manata, yəni təqribən 4 dəfə kiçilməsidir.
Hazırda «TCF» BOKT daha çox müxtəlif kredit təşkilatlarınldan aldığı borclarını qaytarmaqla məşğuldur. 2024-ciilin sonunda BOKT-un banklara 8,2 milyon manat borcu olduğu halda, 2025-in sonunda bu rəqəm 3,1 milyon manata enib.
«TCF» BOKT-un əsas kreditorları Azərbaycan Beynəlxalq Bankı (ABB) və «Ziraat Bank»dır.
Belə ki, «TCF» BOKT 2023-2025-ci illərdə ABB bankla bir neçə kredit müqaviləsi bağlayıb. Təkcə 2025-ci ildə BOKT ABB Bankdan 3 milyon manat yeni kredit alıb, 8 milyon manat isə əvvəlki kreditlərdən qaytarıb. İlin sonuna «TCF» BOKT-un ABB-yə 1,5 milyon manat kredit borcu qalıb, halbuki, 2024-cü ilin sonunda bu rəqəm 6,6 milyon manat idi. «TCF» BOKT ABB-dən kreditləri illik 10-12%-lə götürür.
«Ziraat bank»dan isə kreditlər dollarla götürülüb. «TCF» BOKT 2024-cü ildə Türkiyə bankından 936 min dollar kredit götürüb. Hazırda borcun qalan hissəsi manat ekvivalenti ilə 1,6 milyon manat təşkil edir.
Hər iki banka olan borcun 2026-nın iyununda qaytarılması gözlənilir.
Maraqlıdır ki, «TCF» BOKT banklardan 6,5%-8% və 10-12%-lə götürdüyü kreditləri illik 1-35% dərəcəsi ilə kredit verir.













