"Hazırda Azərbaycanda 51 bank olmayan kredit təşkilatı (BOKT) fəaliyyət göstərir. Onlardan 13-də xarici investisiyalar iştirak edir. Bu da xarici investorların sözügedən sahəyə ciddi maraq göstərdiyinin göstəricisidir".
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri Azərbaycan Mərkəzi Bankının Bank olmayan kredit təşkilatlarına nəzarət departamentinin direktoru Xəyyam İsmayılov Bakıda keçirilən 12-ci Mikromaliyyədə İnvestisiya və Dayanıqlı İnkişaf Konfransında deyib.
Onun sözlərinə görə, BOKT-lər əsasən regionlarda əhalinin maliyyə ehtiyaclarının qarşılanmasına çalışırlar və bu sahədə onların banklarla müqayisədə daha çox regional xidmət nöqtələri mövcuddur:
"Belə ki, BOKT-lərin xidmət nöqtələrinin 83%-dən çoxu Bakıdan kənarda yerləşir".
Direktor qeyd edib ki, son iki ildə BOKT-lərdə struktur dəyişiklikləri insan resurslarının gücləndirilməsi ilə də müşayiət olunub:
"Belə ki, həmin dövrdə işçilərin sayı 30% artaraq 4 500 nəfəri ötüb.
Əsas maliyyə göstəricilərinə gəldikdə, BOKT-lərin aktivləri son iki ildə 60% artaraq 1,6 milyard manata çatıb. Maliyyə sektorunda aktivlərin ümumi həcmində BOKT-lərin payında da nəzərəçarpacaq artım müşahidə olunub. Belə ki, onların bazar payı 0,8 faiz bəndi artaraq 2,4%-ə çatıb. Görülən tədbirlər və müəyyən edilmiş tələblər nəticəsində sektorun kapitallaşmasında da müsbət dinamika qeydə alınıb. Son iki ildə nizamnamə kapitalı və balans kapitalı 52% artaraq müvafiq olaraq 350 milyon manata və 706 milyon manata çatıb.
Kredit portfelinin artımı da müsbət dinamika nümayiş etdirib. Belə ki, son iki ildə BOKT-lərin kredit portfeli 85% artaraq 1,4 milyard manata çatıb".














