2025-ci ilin yekunlarına əsasən, Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqları sektoru ili 300 min manat xalis zərərlə başa vurub.
FED.az biznes və maliyyə xəbərləri portalı Azərbaycan Mərkzi Bankına istinadən xəbər verir.
Bu, əvvəlki ilin yekunları ilə müqayisədə kəskin pisləşmədir. Belə ki, kredit ittifaqları 2024-cü ili 80 min manat xalis mənfəətlə başa vurmuşdu.
Sektorun zərərə çıxmasının əsas səbəbi aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün yaradılan ehtiyat ayırmalarının artması olub. Bu ayırmalar bir ildə 800 min manatdan 1,2 milyon manata yüksəlib.
Nəticədə, əməliyyat mənfəəti 900 min manatdan 1 milyon manata yüksəlsə də, artan ehtiyat ayırmaları yekun göstəriciyə mənfi təsir edib. Vergilər ödənilənədək zərər 200 min manat təşkil edib.
Kredit ittifaqlarının faiz gəlirləri bir ildə 1,9 milyon manatdan 2 milyon manata, xalis faiz gəliri isə 1,8 milyon manatdan 2 milyon manata yüksəlib. Qeyri-faiz gəlirləri isə dəyişməyərək 300 min manat səviyyəsində qalıb.
Xatırladaq ki, 2024-cü ildə kredit ittifaqlarının xalis mənfəəti 80 min manat, əməliyyat mənfəəti isə 900 min manat təşkil edirdi.










