Xəbər verildiyi kimi, fəaliyyəti dayandırılmış «Finoko» BOKT ciddi problemlərlə üzləşib.
İri investor «Finoko» BOKT-dan pulunu tələb edir, əmlakı və lizinqdəki avtomobillərinə – HƏBS QOYULDU
FED.az maliyyə və biznes xəbərləri portalı xatırladır ki, BOKT-un bağlanmasından sonra ondan vəsitlərini tələb edən investorun məhkəmədə qaldırdığı iddia əsasında «Finoko»nun daşınmaz əmlaklarına və lizinqə verdiyi avtomobillərə həbs qoyulub.
Bu hadisə bağlanan maliyyə təşkilatlarının öz kreditorları qarşısında öhdəliklərini yerinə yetirib-yetirməyəcəyi ilə bağlı məsələni yenidən gündəmə gətirir.
«Finoko» BOKT-dan FED.az-a əmlakların üzərinə həbs qoyulmasını təsdiqləyiblər, amma məhkəmənin qərarından narazı qalaraq onu düzgün addım saymırlar. «Finoko» BOKT-un CEO-su, idarə heyətinin sədri Turan İsmayılov FED.az-a açıqlamasında şirkətin əmlak və avtomobillərinə həbs qoyulmasını təsdiqləyib.
Onun sözlərinə görə, hazırda BOKT-un ləğv edilməsi proses başlayıb, bununla bağlı səhmdarların ümumi yığıncağı keçirilərək kreditorlara müraciət də edilib. Eləcə də BOKT-un öhdəliklərinin yerinə yetirilməsi üçün tədbirlər planı da hazırlanıb: «Vəsaitlərin necə qaytarılacağı ilə bağlı hamıya məlumat göndərilib, siyahılar tutulub. Belə hallarda hansı addımlar atılmalıdırsa, atılmaqdadır. Amma investorlardan biri bununla razılaşmayaraq başqa strategiyanı seçib».
Başqa sözlə planla razı olmayan investorlardan biri «Finoko» BOKT-dakı vəsaitlərini almaq üçün məhkəmyə müraciət edib. İnvestorun belə davranışının, yəni dərhal məhkəməyə müraciət etməsinin səbəblərinə gəlincə, BOKT rəhbəri bunu şərh vermək istəməyib: «Hər kəsin hüququ var və ondan istifadə edir».
Hələliksə bağlı məhkəmənin çıxardığı qərardada əsasən, mənzillər və avtomobillərə həbs qoyulub.
T.İsmayılov əmlak və maşınların üzərinə həbs qoyulduğunu təsdiqləyib, amma eyni zamanda məhkəmənin qərarı ilə razı olmadığını, məhkəmənin bu qərarı məsələni tam araşdırmadan verdiyini bildirib: «Məhkəmə hələ bu işə mahiyyəti üzrə baxmağa başlamayıb və bunu etmədən əmlakların üzərinə həbs qoyulmasında məntiq görmürəm. 3 manatlıq borca görə 5 manatlıq əmlaka həbs qoymağa ehtiyac yoxdur. Həm də bu əmlakların bir hissəsi onsuz da balansdadır və onların satışına hazırlıq gedir. Ona görə də biz bu qərardan şikayət verəcəyik və yaqin ki, onu ləğv edəcəklər».
Turan İsmayılov FED.az-a bildirib ki, lizinqdə olan avtomiobillərə həbs qoyulması düzgün qərar deyil: «Bu avtomobillər «Finoko»nun balansında olsa da, faktki olaraq bu başqa adamlara lizinqlə satılıb, onlar istifadə olunur. Ona görə də bu qərar səhmdir, indi biz bununla bağlı bütün məlumatları tanış olmaq üçün məhkəməyə ötürmüşük, baxacaqlar və yəqin ki, düzgün qərar verəcəklər. Çünki lizinq müqaviləsi ilə götürülmüş əmlaka necə həbs qoymaq olar? Doğrudur, bu əmlaklar və maşınlar bizim adımızdadır və balansımızdadır, amma başqalarının istifadə etdiyi avtomobillərə necə həbs qoymaq olar?».
BOKT sədri FED.az-a bildirib ki, «Finoko»nun aktivləri və əmlakları onun öhdəliklərini qarşılımaq, yəni borclarını ödəmək üçün kifayət edəcək.
Qeyd edək ki, «Finoko»nun 2025-ci ilin ilk yarım illiyini necə baş vurması məlum deyil. Yarım ilin nəticələri üzrə hesabat adətən sentyabr-oktyabr aylarında açıqlanır, həmin vaxt isə «Finoko»nun lisenziyası artıq alındığına görə, hesabatı ictimaiyyətə açıqlamağa ehtiyac qalmayıb.
Bununla yanaşı, şirkətin 2024-cü ilin nəticələri üzrə hesabatındakı rəqəmlər onun öhdəliklərinin aktivlərindən təqribəqn 1,8-2 milyon manat artıq olduğunu göstərir. Bu mənada şirkətin öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı çətinliklər ola bilər.
Qeyd edək ki, artıq şirkətin bağlanması ilə bağlı səhmdarlarının iclası da keçirilib. Onun qərarları Mərkəzi Banka və Dövlət Vergi Xidmətinə göndərilib. Hazırda şirkətin ləğv ilə bağlı bütün tədbirlər görülür. “Bizim elə bir fikrimiz yoxdur ki, kiminsə pulunu ödəməyək, hamının pulunu ödəyəcəyik. Amma kimsə bunu məhkəmə yolu ilə etmək istəyirsə, bu onun hüququdur”-deyə “Finoko” sədri bildirib.









