Azərbaycanın maliyyə sektorunda yeni qalmaqal başlayıb.
Təcili: Azərbaycanda BOKT-un lizinqə verdiyi – 83 AVTOMOBİLƏ HƏBS QOYULDU
FED.az maliyyə və biznes xəbərləri portalı xəbər verir ki, son bir neçə ayadək olan müddətdə ölkənin bank olmayan kredit təşkilatları (BOKT-ları) arasında özünəməxsus yeri olan, indi isə fəaliyyəti dayandırılmış «Finoko» BOKT ciddi problemlərlə üzləşib.
Belə ki, BOKT-un iri investoru «Finoko»nu məhkəməyə verərək onun əmlaklarına və lizinqə verdiyi avtomobillərə həbs qoydurub.
Xatırladaq ki, təqribən 3 ay əvvəl – avqustun 31-də Azərbaycan Mərkəzi Bankının (AMB) qərarı ilə «Finoko»nun fəaliyyəti üçün verilmiş lienziya ləğv edilib. AMB bu qərarını «Finoko» tərəfindən kapitalın minimum həddi ilə bağlı tələbə əməl etməməsi ilə əsaslandırıb. Xatırladaq ki, AMB-nin qərarı ilə BOKT-ların fəaliyyəti üçün tələb olunan minimum kapital 300 min manatdan 1 milyon manata qaldırılıb və bu qərar bəzi BOKT-ların bazarı tərk etməsi ilə nəticələnib.
«Kapitalın minimum miqdarı tələbinə əməl edilmədiyindən “Finoko” BOKT ASC-ə Mərkəzi Bank tərəfindən icrası məcburi olan göstərişlər verilmişdir. Lakin, ötən dövr ərzində bu təşkilatlar tərəfindən kapitalın minimum miqdarı tələbinə əməl edilməsi istiqamətində zəruri addımlar atılmamışdır. Bunu nəzərə alaraq, «Finoko» BOKT ASC-nin lisenziyası ləğv edilmişdir»-deyə AMB-nin açıqlamasında bildirilirdi.
Amma «Finoko»nun üzləşdiyi xoşagəlməz hallar bununla başa çatmayıb. Vaxtilə BOKT-a böyük yatırımlar etmiş investorlardan biri Konstantin Kolas «Finoko»dan yatırımlarını geri tələb edib, BOKT rəhbərliyinin bununla bağlı mövqeyi onu qane etmədiyinə görə, məhkəməyə müraciət etməyi qərara alıb.
Xatırladaq ki, qanunvericiliyə görə, maliyyə təşklatının, məsələn BOKT-un fəaliyyəti dayananda, onun aktivlərinə baxılır – aktivlərin məbləği onun öhdəliklərini (yəni borclarını) qaytarmağa kifayət edirsə, problem olmur, şirkət öhdəliklərini yerinə yetirərək, yəni borclarını qaytararaq, ləğv edilir.
Yox əgər aktivlərin məbləği öhdəlikləri yerinə yetirməyə imkan verməsə, şirkət özünü müflis elan etməlidir.
FED.az xəbər verir ki, bu məsələdə «Fineko» BOKT-un vəziyyəti yaxşı deyil, şirkətin açıqladığı 2024-cü ilin nəticələrinə dair illik hesabata əsasən, «Finoko»nun öhdəlikləri (yəni borcları) aktivlərini üstələyir, belə ki, şirkətin aktivləri 23,4 milyon manat, öhdəlikləri isə 25,2 milyon manat təşkil edir. Cəmi kapitalı isə mənfiyə düşərək mənfi 1,8 milyon manatdır.
FED.az-ın əldə etdiyi məlumata görə, sözügedən investor «Fineko»ya böyük yatırımlar edib. Belə ki, BOKT-un istiqrazlarının alınması ilə ona 5,5 milyon manat investisiya yatırıb, faizləri və sairi nəzərə alanda bu məbləğ 6 milyon manata yaxındır. BOKT-un lisenziyası alındıqdan sonra Konstantin Kolas «Fineko»dan vəsaitlərini geri götürmək istəyib. Amma BOKT rəhbərliyi ilə ilkin danışıqlarlan pulun qaytarılmasında problemin olacağından şübhələnərək məhkəməyə mürciət edib.
İşə Yasamal rayon məhkəməsində baxılıb və məhkəmənin ilkin qərardadı ilə «Finoko»ya məxsus əmlakların və avtomobillərin üzərinə həbs qoyulub.
FED.az-ın məlumatına görə, investorrun iddiası əsasında məhkəmənin qərarı ilə, «Fineko»ya məxsus olan ümumilikdə 45 əmlaka və 83 avtomobilə həbs qoyulub.
Həbs qoyulan əmlakların sırasında Bakı (25 əmlak) və Sumqayıt şəhərlərində (11 əmlak), eləcə də Abşeron (8 əmlak) və Tovuz rayonlarında (2 əmlak) olan mənzillər, fərdi evlər, müxtəlif təyinatlı torpaq sahələri və sair var. Bəzi əmlaklar şəhərin mərkəzində, Rəsul Rza küçəsində yerləşir.
Şirkətin hibs qoyulan avtomobilləri isə «Fineko»nun lizinq üsulu ilə müxtəlif şəxslərə satdığı, yəni hazırda lizinqdə olan avtmobillərdir.
Buraya FORD, TOYOTA PRIUS, KIA RIO, HONDA CIVIC,
BMW, NISSAN PATROL, CHEVROLET CRUZE,
MERCEDES BENZ, LEXUS, KIA CEED, RENAULT MEGANE, LAND ROVER DISCOVERY, FORD CONNECT, HYUNDAI TUCSON, LEXUS ES 300, BMW X7, NISSAN TIIDA, HYUNDAI ELANTRA, TESLA, FORD TRANSIT, FORD F 150, FORD TOURNEO, TOYOTA COROLLA, KIA SORENTO, FORD FUSION, HYUNDAI ACCENT, OPEL ZAFIRA, PORSCHE MACAN, CHEVROLET MALIBU, HYUNDAI VERNA, HYUNDAI TERRACAN, KIA OPTIMA, VOLKSWAGEN PASSAT, LINCOLN NAVİGATOR, HYUNDAI GRANDEUR, TOYOTA HİGHLANDER, JEEP WRANGLER,
HONDA INSİGHT(HİBRİD), NISSAN NOTE, BMW 7401, HONDA ACCORD,
KIA SPORTAGE, MERCEDES BENZ VIANO və sair markalı avtomobilər aiddir.
Bu avtomobillərə həbs qoyulması onların istifadəsini məhdudlaşdırmır, əvəzində qadağa qüvvədə olduğu müddətdə həmin maşınları alıb-satmaq mümkün olmayacaq. Başqa sözlə, hazırda maşını lizinqə götürüb pulu ödəyən şəxs, əgər ödənişi bitirsə, bu qadağanın qüvvədə olduğu dövrdə avtomobili öz adına keçirə bilməyəcək. Proses belə davam edərsə, bu faktiki olaraq maşınları lizinqə götürmüş şəxslərin bu avtomobillərini itirməsi deməkdir.









