Azərbaycanın aparıcı bank olmayan kredit təşkilatlarından olan «Asel Kredit» BOKT MMC 2024-cü ilin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, qeyri-bank kredit şirkəti ötən ili 257,7 min manatdan artıq xalis mənfəətlə başa vurub. Xalis mənfəət son bir il ərzində 62,5 min manat (32%) artıb.
BOKT-un açıqladığı hesabata əsasən, 2024-cü ildə «Asel Kredit»in kredit portfeli üzrə gəlirləri 2 milyon 767 min manat təşkil edib. Bu 2023-ci illə müqayisədə 194 min manat və ya 8% artıqdır.
Hesabat dövründə «Asel Kredit» BOKT-ın kreditlərdən daxil olan komissiya haqları üzrə gəliri 2 milyon 105 min manat təşkil edib. Bu əvvəlki illə müqayisədə 363 min manat və ya 21% artıqdır.
Nəticədə il ərzində «Asel Kredit» BOKT-un əməliyyat gəliri 4 milyon 872 min manat təşkil edib – 557 min manat və ya 13% artım müşahidə edilib.
İl ərzində «Asel Kredit» BOKT-un faiz xərcləri 107,2 min manat və ya 25% artaraq 527,7 min manata yüksəlib. Qeyri-faiz xərcləri isə 325 min manat (16%) artaraq 2 milyon 387 min manata çatıb.
Nəticədə şirkətin əməliyyat mənfəəti 62,3 min manat (26%) artımla 306,3 min manata yüksəlib, ötən il bu göstərici 244 min manat idi. 48,6 min manatlıq mənfəət vergisi çaxıldıqdan sonra «Asel Kredit» BOKT 2024-cü ili 257,7 min manat xalis mənfəətlə tamamlayıb. Bu əvvəlki illə müqayisədə 62,3 min manat və ya 32% artıqdır.
2024-cü ilin sonuna «Asel Kredit» BOKT-un aktivləri 11 milyon 9 min manat təşkil edib. Bu illik müqayisədə 3 milyon 497 min manat (47%) çoxdur.
BOKT-un əsas vəsaitləri 87,8 min manat (21%) artaraq 506,2 min manata çatıb.
İlin yekunlarına görə, «Asel Kredit» BOKT-un cəmi kapitalı təqribən 257,7 min manat, başqa sözlə 7% artaraq 3 milyon 992 min manata yüksəlib. Bundan 3 milyon manat səhmdarların yatırdığı nizamnamə kaitalı, qalan hissə - 734,5 min manat isə əvvəlki illərin bölüşdürülməmiş mənfəətidir. Bu rəqəm də 2023-cü ilin göstəricisi ilə müqayisədə 244,1 min manat (7%) çoxdur.
2023-cü ildə «Asel Kredit» BOKT-un öhdəlikləri təqribən 3 milyon 240 min manat (86%) artımla 7 milyon 17 min manata bərabər olub. Bu dövrdə BOKT Mərkəzi Banka olan öhdəlikləri üzrə 246,868 min manatlıq borcunu uğurla bağlayıb.
Nəticədə hesabat dövrünün sonuna təşkilatın cəmi kapital və öhdəlikləri 11 milyon 9 min manat olub.
"ASEL KREDİT" BOKT-un maliyyə 2024-cü il üzrə maliyyə hesabatı