“Aqrarkredit” BOKT 2020-ci ilin ilk yarısının nəticələri barədə məlumat yayıb. BOKT bu dövrü mənfəətlə başa vurduğunu iddia etsə də məbləği açıqlamayıb.
FED.az xəbər verir ki, məlumata görə, 12 regional filialı olan BOKT ölkənin 64 şəhər və rayonunun 1500 yaşayış məntəqəsində (kənd və qəsəbə) hüquqi və fiziki şəxslərə, borclular qruplarına, ailə kəndli təsərrüfatlarına kredit xidməti göstərib.
Eləcə də bax: "MCB" BOKT-un xalis mənfəəti - 23% ARTIB
Bu dövrdə “Aqrarkredit” QSC tərəfindən öz vəsaitləri, eləcə də “Sahibkarlığın İnkişafı Fondu”, “Aqrar Kredit və İnkişaf Agentliyi” vəsaitləri hesabına 482 sahibkarlıq subyektinə 12.1 milyon manat məbləğində kredit verilib. 30 iyun 2020-ci il tarixinə BOKT-un kredit portfeli 5765 sahibkarlıq subyekti üzrə 87,2 milyon manat təşkil edib.
Ümumilikdə 2004-cü ildən indiyədək “Aqrarkredit” QSC tərəfindən 33 mindən çox hüquqi və fiziki şəxslərə, borclular qruplarına, ailə kəndli təsərrüfatlarına 350 mln. manatdan artıq kredit verilib ki , bu da BOKT-un idiasına görə, təxminən 25 min yeni iş yerlərinin açılmasına səbəb olub.
“Aqrarkredit” QSC 2020-ci ilin 1-ci yarım ilini mənfəətlə başa vurduğunu bəyan etsə də mənfəətin məbləğini açıqlamayıb. BOKT-dan bildirilib ki, 30 iyun 2020-ci il tarixinə Kredit Təşkilatının aktivləri 12 423.9 milyon manat, öhdəlikləri 12 393.2 milyon manat, məcmu kapitalı 30,7 milyon manat, Nizamnamə kapitalı 22,7 milyon manat təşkil edib.
Bununla yanaşı qeyd edək ki, təşkilatın aktivlərinin və öhdəliklərinin 12 milyard manatda çoxu Beynəlxalq Bankın BOKT-a ötürülmüş problemli aktivlərindən ibarətdir.