Bu ilin birinci rübündə Gürcüstana səfər edən azərbaycanlı turistlərin orta xərcləri 265,1 lari (95 dollar) təşkil edib.
FED.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasının rüblük araşdırmasında bildirilib.
İllik müqayisədə azərbaycanlı turistlərin qonşu ölkədəki orta xərcləri 135,9 lari (48 dollar), rüblük müqayisədə isə 79,9 lari (28 dollar) azalıb.
Hesabat dövründə Azərbaycan vətəndaşları Gürcüstanda ən az pul xərcləyən turistlər olub.
Eləcə də bax: Hökumət Gürcüstana turist axınının - QARŞISINI ALMAQ İSTƏYİR
Araşdırmaya əsasən, yanvar-mart aylarında Gürcüstanda ən çox pulu (1 135 lari/408 dollar) Rusiyadan olan turistlər xərcləyiblər. Türkiyə və Ermənistandan olan turistlərin orta xərcləri isə müvafiq olaraq 919,9 lari (330 dollar) və 605,9 lari (218 dollar) təşkil edib.
Qonşu ölkəyə cari ilin I rübündə səfər edən əcnəbi ziyarətçilərin xərcləri, ümumilikdə, 1,2 mlrd. lari (432 min dollar) təşkil edib. Turistlər bir səfər ərzində orta hesabla 890 lari (320 dollar) xərcləyiblər.
Xərclərin 26,2%-i qida və içkilər, 25,7%-i yerləşmə, 18,6%-i mədəni və əyləncə xidmətləri, 13,2%-i alış-veriş, 7,3%-i yerli nəqliyyata, 9,1%-i isə digər xidmətlərə sərf olunub.
Hesabat dövründə Azərbaycandan Gürcüstana 292 902 nəfər səfər edib ki, bu da illik müqayisədə 3% çoxdur. Azərbaycanlı turistlərin 96,7%-i qonşu ölkəyə təkrar, 3,3%-i isə ilk dəfə səfər edib.
Azərbaycanlı turistlərin Gürcüstanda gecələmə müddəti orta hesabla 1,5 gün təşkil edib.