Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun “Yaşma bağları” yaşayış məntəqəsindən başlayaraq tikintisi sürətlə davam etdirilir.
Eləcə də bax: Azərbaycanda ilk ödənişli yol bu ilin sonuna kimi - İSTİFADƏYƏ VERİLƏCƏK
AAYDA-dan FED.az-a verilən məlumata görə, magistral yol layihəsinin tikintisi 5 hissə üzrə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında həyata keçirilir.
Qeyd edək ki, magistralın Xızı rayonunun Yaşma və Giləzi qəsəbələri arasında yerləşən 30 km-lik 1-ci hissəsi üzrə tikinti işləri sona çatdırılıb. Layihə üzrə 4 körpü və yol ötürücüsü, 5 yolaltı keçid, kommunikasiya xətləri üzərində 2 yükqəbuledici qurğu, 46 müxtəlif ölçüdə suötürücü borunun, yolun ayırıcı zolağında 31 min p/m beton baryerlərin tikintisi aparılıb.
Yeni magistral yolda aparılan işlər çərçivəsində 23.5 km-lik 2-ci hissə üzrə yol yatağının, 5 avtomobil tunelinin, 3 yolatı keçidin, 36 suötürücü düzbucaqlı və dairəvi borunun tikintisi artıq yekunlaşdırılıb. Hazırda yol əsasının inşası, yol əsası hazır olan ərazilərə asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur. Bu hissə üzrə 17 km ərazidə asfalt-beton örtüyü döşənir.
20 km-lik 3-cü hissə üzrə 1 yol ötürücüsü, 8 yolatı keçidin tikintisi davam edir, 55 suötürücü borunun inşası sona çatdırılıb. Layihə üzrə nəzərdə tutulan 2 körpünün tikintisi isə son mərhələdə olmaqla aparılır. Bu hissə üzrə artıq torpaq yatağının tikinitisi də yekunlaşıb. Hazırda yol əsasının inşası işləri icra olunur, yol əsası hazır olan 8 km-lik hissədə artıq 2 qat olmaqla asfaltanma işləri və yolun bu hissəsində ehtiyat futlyarlarının quraşdırılması işləri də sona çatmaq üzrədir.
18.7 km-lik 4-cü hissə üzrə yol yatağı, yol əsası, 7 körpü və 4 yolaltı keçidin inşası davam edir, artıq 7 km-lik hissədə yol əsasının tikintisi yekunlaşıb. Layihə üzrə nəzərdə tutulan 45 suötürücü borunun quraşdırılması və 3 körpünün tikintisi də yerinə yetirilib.
Yeni magistralın 58 km-lik 5-ci hissəsi üzrə isə tikinti işləri yekunlaşmaq mərhələsindədir. Belə ki, sözügedən hissədə yol yatağı və yol əsasının, həmçinin 22 yolaltı keçid, 320 suötürücü boru, 32 körpü və yol ötürücüsünün inşası sona çatdırılıb. Hazırda yol örtüyünün aşınma layının tikintisi, çiyinlərdə səthi qaplama işləri, əyrixətli metal brusların quraşdırılması və mühafizə zolağında çəpərlənmə işləri aparılır.
Magistral yolda hərəkətdə olan sürücü və sərnişinlərin təhlükəsizliyi baxımından yola hər hansı maneənin çıxmasının qarşısını almaq məqsədilə yolun hər iki tərəfdən çəpərlənməsi, ödəniş sisteminin hazırlanması, turniket, kameralar və server sisteminin quraşdırılması işləri də davam etdirilir.
Ümumilikdə isə yeni inşa edilən 150 km-lik magistral yolboyu 55 yol ötürücüsü və körpü, 44 yolatı keçid və 509 müxtəlif diametrlərdə dairəvi və düzbucaqlı suötürücü borunun inşası nəzərdə tutulur.
2023-cü ilin əvvəlinədək tikintisinin yekunlaşdırılması planlaşdırılan yeni magistral avtomobil yolu nəqliyyat xidmətlərini daha da yaxşılaşdırmaqla yanaşı, bölgədə turizmin inkişafına əlavə təkan verəcək, ölkəmizin nəqliyyat infrastrukturunun inkişafına, yeni iş yerlərinin açılmasına, bir çox sosial problemlərin həllinə şərait yaradacaq.