İqtisadiyyat naziri, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Çinin “Greenland” şirkətinin prezidenti Can Yulianq ilə görüşüb.
ELƏCƏ DƏ BAX: Toyuq və şirələrin idxal gömrük rüsumlarının müddəti - UZADILDI
İqtisadiyyat Nazirliyindən FED.az-a verilən məlumata görə, tərəflər “Greenland”lə otelçilik, turizm, xəstəxanaların idarə olunması və digər sahələrdə əməkdaşlığa, şirkətə məxsus "G-super" marketlər şəbəkəsində Azərbaycan məhsullarının satışına dair müzakirələr aparıb, şirkətin ölkəmizdə həyata keçirilən investisiya layihələrində iştirak edə biləcəyi diqqətə çatdırılıb.
Görüş çərçivəsində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və “Greenland Zhongxuan” Beynəlxalq Ticarət Şirkəti arasında iqtisadi və ticarət əməkdaşlığının inkişafına dair Anlaşma Memorandumu, AZPROMO və Çinin “Shanghai Jizhi Investment Management” şirkəti arasında “Greenland Global” Ticarət Mərkəzində sərgi pavilyonunun icarəsinə dair Müqavilə imzalanıb. Görüşdə həmçinin “Azersun Holdinq” şirkəti və “Greenland Zhongxuan” Beynəlxalq Ticarət Şirkəti arasında 2 mln. ABŞ dolları dəyərində, “Şərq Ulduzu” şirkəti və “Greenland Zhongxuan” arasında 1 mln. ABŞ dolları dəyərində məhsulların Çinə ixracına dair niyyət memorandumları imzalanıb.
Sonra Azərbaycan nümayəndə heyəti “Greenland” şirkətinin “G-hub Ticarət Mərkəzi”ndə Azərbaycan pavilyonunun açılışında iştirak edib.
Qeyd edək ki, “G-hub Ticarət Mərkəzi”ndə Azərbaycan istehsalı olan müxtəlif məhsulların – şərab və spirtli içkilərin, qida məhsullarının və s. “Made in Azerbaijan” brendi ilə satışı həyata keçiriləcək. Məlumat üçün bildirək ki, noyabrın 7-dən etibarən Azərbaycan məhsullarının Çinin “DİG” marketlər şəbəkəsində də satışına başlanılıb.
İki şirkət Çinə 3 milyonluq məhsul – İXRAC EDƏCƏK
20:08
8 Noy 2018