Azərbaycan Mikromaliyyə Assosiasiyası üzv təşkilatları adından bəyanatı yayıb.
FED.az xəbər verirr ki, bəyanatda deyilir:
Ermənistanın Azərbaycana qarşı 27 sentyabr 2020-ci il tarixində səhər saatlarından başlayan növbəti təcavüz aktı mənfur düşmənin öz işğalçı siyasətindən əl çəkmədiyini bir daha ortaya qoymuşdur. Ermənistan silahlı qüvvələrinin bölmələri bir neçə istiqamətdən müxtəlif silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək dinc sakinləri, yaşayış məntəqələrini və mülki obyektləri, eləcə də hərbi mövqelərimizi atəşə tutmuşlar. Düşmənin təxribatları nəticəsində mülki əhali və hərbçilərimiz arasında itki və yaralıların da olması Azərbaycan Mikromaliyyə Assosiasiyasının üzv təşkilatlarını sarsıtmışdır.
Azərbaycanın silahlı qüvvələri düşmən təxribatının qarşısını almış və əks hücumla torpaqlarımızın azad edilməsi uğrunda əməliyyatlara başlamışdır.
Biz, ictimai birlik olaraq, Dövlətimizin, Ordumuzun və Ali Baş Komandanın yanında olduğumuzu, dövlətimizin yürütdüyü siyasəti tam dəstəklədiyimizi bir daha bəyan edirik. Şanlı Ordumuzun işğal altında olan torpaqlarımızı azad etmək istiqamətində irəliləyişləri hər bir üzvümüzü sevindirir və qürurlandırır.
İnanırıq ki, 30 ilə yaxın bir müddətdə Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarının azad ediləcəyi gün uzaqda deyildir.
Ordumuza şanlı zəfər, xalqımıza qələbə sevinci arzulayırıq!
Hər şey Vətən üçün, hər şey Qələbə üçün!
İdarə heyətinin sədri Cəlal Əliyev
İcraçı direktoru Jalə Hacıyeva