Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin pul siyasətinə həsr olunmuş son iclasından keçən dövrdə illik inflyasiya hədəf diapazonunun mərkəzindən aşağıda qalıb.
FED.az xəbər verir ki, bu barədə AMB-nin açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, zəif məcmu tələb şəraitində rəsmi statistikaya görə avqust ayında qiymətlər 0,2% azalıb, illik inflyasiya isə 2,8% təşkil edib. Aylıq deflyasiya əsasən ərzağın ucuzlaşması hesabına baş verib. Mövsümi amillərin də təsiri ilə avqustda ərzaq qiymətləri 0,5% aşağı düşüb. Qeyri-ərzaq məhsulları və xidmətlərin qiymətləri isə inersion olaraq dəyişməyib. Ümumilikdə, faktiki inflyasiyanın dinamikası proqnozlara uyğun olub.
Real sektor müəssisələri üzrə monitorinqin nəticələri inflyasiya gözləntilərinin azalmaqda davam etdiyini təsdiqləyir. Avqustda ötən aya nəzərən inflyasiya gözləntiləri qeyri-neft sənayesi və xidmət sahələrində azalıb, tikinti və ticarət sektorlarında isə demək olar ki, dəyişməyib. Lakin aparılan sorğular inflyasiya gözləntilərinin xarici və daxili mühit amillərinə həssas olduğunu göstərir.
İnflyasiya proqnozu azaldılma istiqamətində təshih edilib. Bunu şərtləndirən əsas amil iyul və avqust aylarında deflyasiya olub. Sentyabrda yenilənmiş proqnozlara görə, 2020-ci ilin sonuna inflyasiya 3-3,2% diapazonunda gözlənilir ki, bu da hədəf diapazonunun mərkəzindən aşağıdır.