Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ötən il Azərbaycana ayrılan investisiyaların kəskin azalmasının tələbin az olması ilə bağlı olduğunu açıqlayıb.
FED.az xəbər verir ki, bankdan verilən məlumata görə, AYİB-in əsas investisiya istiqaməti olan Azərbaycanın qeyri-neft sektorunda fəaliyyət göstərən müəssisələr 2019-cu ildə güclü çətinliklərlə üzləşməyiblər və nəticədə, bankın ölkəyə investisiya qoyuluşu illik müqayisədə 17,9 dəfə azalaraq ötən il 17 mln. avro təşkil edib.
“Buna baxmayaraq, bank 2019-cu ildə yerli valyutada bir neçə KOB-lara maliyyə dəstəyi göstərdi və eyni zamanda MKOB kredit xətti ilə bank sektoru ilə yenidən əməkdaşlığa başladı. Banklar vasitəsi ilə kənd təsərrüfatının kreditləşməsinə və fermerlərin maliyyələşməsinin dəstəyinə fokuslandıq.”, - bankdan bildirilib.
Qeyd edək ki, AYİB bu günə qədər Azərbaycana 172 layihə üzrə 3,4 mlrd. avroya yaxın maliyyə vəsaiti ayırıb. Hazırda bankın Azərbaycandakı aktiv portfeli 38 layihə üzrə 1,4 mlrd. avro təşkil edir. Bundan başqa, AYİB kiçik və orta biznesə məsləhət xidmətləri və 1 000-dən çox şirkətə isə dəstək göstərir. (Apa)