Bu ilin II rübündə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “Azəri-Çıraq-Günəşli” yataqlar bloku üzrə mənfəət nefti də daxil olmaqla 4 911,586 min ton xam neft, 172,292 mln. kubmetr təbii qaz, 604,6 min tondan artıq neft və neft kimya məhsulları ixrac edib.
FED.az-ın məlumatına görə, xam neftin ixracında azalma müşahidə edilsə də, neft və neft kimya məhsullarının ixracında 48% artım qeydə alınıb. Bildirilib ki, bu isə xam neftin və qazın ixracında azalmaya səbəb olan amillərdən birinin də daha çox məhsulun emala yönəlməsi olduğunu göstərir.
Dövr ərzində ölkədən 2 421,574 mln. kubmetr təbii qaz ixrac edilib. Qeyd edilib ki, təbii qazın ixracında Cənub Qaz Dəhlizinin işə düşməsi ilə əlaqədar olan artım ötən ilin müvafiq dövrünə nisbətən, təqribən, 37%təşkil edib.
Qeyd edək ki, cari ilin I rübündə SOCAR tərəfindən 5,790 mln. tona yaxın xam neft ixrac olunub, qaz ixracı ölkə üzrə artaraq 3,2 mlrd. kubmetr təşkil edib. Neft və neft-kimya məhsullarının ixracı yanvar-mart aylarında, təqribən, 456 min ton təşkil edib.