"TAP və TANAP layihələri ABŞ sanksiyalarından kənarda qalıb. Bu, Azərbaycan dövlət başçısının apardığı siyasətin nəticəsidir”.
Bunu BakuPost-a açıqlamasında ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalara münasibət bildirən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov söyləyib.
ELƏCƏ DƏ BAX: Türk lirəsi – BAHALAŞDI
Millət vəkili sanksiyaların Azərbaycan iqtisadiyyatına ciddi təsiri olmayacağı qənaətindədir: "Amma bu sanksiyalar Azərbaycanın iqtisadiyyat bazasına təsir edə bilər, çünki Azərbaycanın İranla ticari, iqtisadi əlaqələri mövcuddur. Amma buna alternativlər, Türkiyə və digər ölkələr var. Ümumilikdə isə bu sanksiyalar arzuedilən deyil”.
ABŞ-ın İrana qarşı sanksiyalarının Şimal-Cənub Nəqliyyat Dəhlizinin tikintisinə və fəaliyyətinə mənfi təsir etməsi ehtimalına gəlincə, V. Əhmədov müəyyən problemlərin yaranacağını istisna etməyib: "Azərbaycanın İranla əlaqələrində ciddi irəliləyişlər var. İran və Azərbaycan Astaralarının dəmir yolu ilə birləşdirilməsi, Azərbaycanın İranda dəmir yolu tikintisinə 500 milyon manat ayırması, o cümlədən Naxçıvana dəmir yolu xətti çəkilməsi məsələləri var. Ola bilər ki, bu sahədə bizə müəyyən problemlər yaransın. Ancaq nəzərə almalıyıq ki, o ölkədə azərbaycanlılar yaşayır və onların xətrinə biz bu güzəştlərə getməliyik”.
ABŞ dövlət katibi Mayk Pompeonun İrana qarşı sanksiyaların 6 ay ərzində Türkiyə də daxil olmaqla, 8 ölkəyə qarşı tətbiq olunmayacağını xatırladan V. Əhmədov bunun müsbət hal olduğunu vurğulayıb: "Hazırda dünya birjalarında neftin qiymətində azalmalar var. Digər tərəfdən, yəqin ki, ABŞ-la İran da müəyyən razılıqlara gələ biləcək".
Sanksiyalar bizə də təsir edə bilər - MİLLƏT VƏKİLİ
21:03
6 Noy 2018