Cari ilin yanvar-sentyabr ayları ərzində Gürcüstan xaricdən ümumi dəyəri 38,2 milyon dollar olan 105 012 ton taxıl idxal edib. Bu da 2021-ci il ilə müqayisədə 43,7 faiz azdır.
Eləcə də bax: Gürcüstan Azərbaycandan yarım milyon dollarlıq - ŞOKOLAD ALIB
FED.az xəbər verir ki, Gürcüstan 2021-ci ildə 283 min ton, 2020-ci ildə isə 368 665 ton buğda alıb.
Gürcüstan idxal etdiyi buğdanın 92 faizini Rusiyadan alıb. Cari ilin iyun ayından başlayaraq Gürcüstan taxılı yalnız Rusiyadan idxal edib. Hesabat dövründə Gürcüstan Rusiyadan ümumilikdə 35,7 milyon dollar dəyərində 96,624 ton buğda alıb.
Ölkə hesabat dövründə Qazaxıstandan 1,3 milyon dollar dəyərində 3 703 ton, Ermənistandan isə 714 min dollar həcmində 3 569 ton buğda alıb.
Məlumatda bildirilir ki, Gürcüstanın xaricdən aldığı buğda ununun həcmi isə kəskin artıb. Cari ilin 9 ayı ərzində Gürcüstan 50,1 milyon dollar dəyərində 132 240 ton buğda unu alıb. Bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 704,8 faiz çoxdur və rekord göstəricidir.
Gürcüstanın un aldığı ölkələr sırasında Rusiya yenə də birinci yerdədir. Hesabat dövründə Gürcüstan bu ölkədən 49,2 milyon dollar dəyərində 130 847 ton un alıb.
Qalan hissə isə Türkiyədən (573 min dollar dəyərində 819 ton), İtaliyadan (106 min dollar, 101 ton), Qazaxıstan (198 min dollar, 270 ton), Ukraynadan (39 min dollar, 87 ton) və Litvadan ( 39 min dollar, 57 ton) alınıb. (Azərtac)