Banner

İnvestisiya

Bankirlər nə qədər qazanır? – 20 MİN MANATA ÇATAN MAAŞLAR VƏ PAKETLƏR

Bankirlər nə qədər qazanır? – 20 MİN MANATA ÇATAN MAAŞLAR VƏ PAKETLƏR | FED.az
11:54 22 Noy 2016

Bütün dünyada hamı bankirlərə milyonçu kimi baxır. «Bankir» sözü varlı, təmin olunmuş və  qayğısız  həyatın sinoniminə çevrilib. Azərbaycan da istisna deyil. Bank sektorunda böyük pulların qazanıldığı son vaxtlara qədər bank əməkdaşları ölkənin ən təmin olunmuş işçi təbəqəsi sayıırdı. Dövlət Statistika Komitəsinin məlumatlarına görə də, maliyyə sektoru ən yüksək maaş verən sahələrdəndir. 

FED.az xəbər verir ki, Azərbaycanda bank işçilərinin aylıq gəliri 300 manatdan 15-20 min manata qədər dəyişir. Konkret məbləğ işçinin tutduğu vəzifədən, üzərinə götürdüyü məsuliyyətdən, bankın fəaliyyətində oynadığı roldan və ən vacibi bankın özünün nə dərəcədə böyük bank olmasından, aktivlərinin həcmindən, kredit portfelindən asılıdır.

Kredit mütəxəssisləri

Azərbaycan banklarında ən geniş yayılmış vəzifə kredit mütəxəssisidir. Karyerasını bank sektorunda qurmaq istəyənlərin 80%-i məhz kredit mütəxəssisi kimi işə başlayır. Hal-hazırda onların aylıq gəliri 300-400 manatdan 700-800 manata kimi dəyişir. Manat ucuzlaşmazdan əvvəl isə bu vəzifəni daşıyanlar 600-700 manatdan 1000-1500 manata kimi qazanıblar. İndi isə ölkədə kreditləşmə zəiflədiyindən mütəxəssislərin gəliri əvvəlki kimi yüksək deyil.

“Sənin işin sənədlərini qəbul etməkdir”

Kredit mütəxəssislərinin maaşı 2 cür təyin edilir. 1-ci variantda onlar hər ay konkret, nisbətən az məbləğə imza atırlar. Bu isə o deməkdir ki, mütəxəssislər kreditin kimə və nə qədər verilməsinə görə məsuliyyət daşımırlar. Onlar sadəcə müştərilərdən sənədləri qəbul edir və lazimi yerə çatdırırlar. Belə mütəxəssislərə adətən 500 manatdan çox maaş verilmir.

“Kimə istəyirsə, kredit ver, amma ...”

2-ci variantda isə kredit mütəxəssislərinin maaşı 300-400 manat olur. Amma onlar kreditin ayrılması ilə bağlı qərarı müstəqil şəkildə özləri qəbul edirlər. Bu halda mütəxəssislərə maaşdan əlavə kredit portfelinin orta hesabla 0,1%-i qədər bonus ödənilir. Amma mütəxəssisin portfelində problemli hissə 5%-dən çox olsa, ona nəinki bonus çatmır, üstəlik, həmin vaxtı keçmiş hissənin 0,5%-i qədər maaşından tutulur.

“Borcu qaytar, haqqını al”

Problemli kreditlərdən söz düşmüşkən, bonus onların geri qaytarılması ilə məşğul olanlara da ödənilə bilər. Bank rəhbərləri kreditin ödəniş vaxtından 1 ildən çox keçmiş borclara görə 2-3%-ə qədər bonus ödəməyə hazırdırlar. Problemi elə də dərinləşməmiş kreditlərə görə isə bonus ya ödənilmir, ya da onun məbləği kreditin 0,5%-dən çox olmur.

Kateqoriyadan asılı maaş

Kredit mütəxəssisləri də daxil olmaqla bank işçilərinin maaşını həm də onların kateqoriyası müəyyən edir. Mütəxəssis, aparıcı mütəxəssis, baş mütəxəssis, 1-2-3-cü dərəcəli mütəxəssis, A-B-C kateqoriyalı işçi kimi qiymətləndirmələr məhz maaşın məbləğinə hesablanıb. Banklarda işçinin dərəcəsi orta hesabla ildə 1 dəfə artırılır. Bu cür yüksəlmələr maaşın 50-1000 manat artması deməkdir. Yəni, kredit mütəxəssisinin maaşı 50 manat qaldırılırsa, departament direktorunda, idarə heyətinin sədrində fərq 500-1000 manat ola bilər. Amma dərəcə artımı qrafiklə deyil, attestasiya əsasında da ola bilər.

Əlimyandıda axtarılan işçi

Bankirin maaşını onun banka nə dərəcədə lazım olması da həll edir. Məsələn, əgər bank hansısa sahə üzrə mütəxəssisi uzun müddət, bir neçə ay axtarırsa və tapa bilmirsə, bu halda onu digər bankdan dəvət etmək lazım gəlir. Transfer olunmuş işçi istənilən halda ştat cədvəli ilə müəyyən edilmiş məbləğdən çox maaş alır. Bəzən isəı transferə görə yeni işçiyə ayrıca bonus ödənilir.

13-cü əmək haqqı

İşçilərə 13-cü əmək haqqının ödənilməsi ənənəsi Azərbaycan banklarında da var. Amma bu, bankın ili necə başa vurması ilə bağlıdır. Əgər kredit təşkilatı ilin yekununda nəzərdə tutduğundan artıq mənfəət əldə edibsə, bu zaman səhmdarlar işçilərə 13-cü maaş ödənilməsi barədə qəraer verirlər. Bu növ maaş adətən sıravi işçilərə aylıq əmək haqqının 1 misli, rəhbər işçilərə isə 2 misli qədər ödənilir. Son nəticədə bankın kollektivi yüksək mənfəətlə işləmək üçün səhmdardan çox çalışırlar.

Yüksəl maaşdansa mükafat

Bəzi banklar isə işçilərinə yüksək maaşı verməkdənsə onu hər ay mükafatlandırmağı üstün tuturlar. Bu həm bank rəhbərlərinin dövlətə ödədiyi vergilərin məbləğini azaldır, həm də necə deyərlər işçini yaxşı işləməyə stimullaşdırır. Yəni, bank əməkdaşı bilir ki, işində nöqsanlara yol versə, həmin ay mükafat almayacaq və aylıq gəliri azalacaq. Bu cür mükafatların məbləğinin 200-500 manat civarında olduğu deyilir.

Maaş + Sosial paket

Banklar arasında işçiləri sosial paketlə əlində saxlayanlar da var. Söhbət əsasən, işçinin və onun ailə üzvlərinin tibbi sığorta edilməsindən gedir. Bank rəhbərlərinə əməkdaşlarının maaşını 50-100 manat artırmaqdansa, ildə 30-40 manat xərc çəkib onun sığorta etdirmək və bununla ilik 10-15 min manatlıq sığorta təminatı hədiyyə etmək daha sərfəlidir. Bəzi iri banklar isə işçilərinə ildə 500-2000 manat xərc çəkərək onları fitnes mərkəzlərinə 1 illik abunə etdirirlər. Bundan başqa, işçilərinə maaşının 3-4 misli qədər faizsiz kredit xətti açanlar da var.

“Yaxşı pul verək ki, təmiz işləsin”

Bəzi banklarda isə işçiyə verilən maaş onu pula nə dərəcədə yaxın olmasından asılıdır. Söhbət kassirlərdən getmir. Yəni, işçi bankdan pulun çıxması və yaxud pulun daxil olması ilə bağlı qərarın qəbul edən əsas adamdırsa ona yaxşı maaş – min manatla ölçülən pul verilir. Məqsəd həmin şəxsi təmiz işləməyə sövq etməkdir. Kassirlər isə ayda 500-1000 manat qazanırlar.

“Kim daha çox stress keçirir?”

Azərbaycan banklarında maaşın məbləğini həm də işçinin nə dərəcədə gərgin rejimdə işləməsi müəyyən edir. Obyektiv banklar bütün şöbə, departament rəislərinə eyni maaşı vermir. Onlar nəzərə alırlar ki, İnsan resursları departamentində rəhbərlik edən adamla Problem kreditlər departamentinə rəhbərlik edən adam evə eyni yorğunluqla getmir. Odur ki, onların maaşında fərq olmalıdır. Bu fərq bəzən 500 manata çatır.

Bank böyüdükcə, maaşlar da artır

Ümumiyyətlə isə, banklarda müxtəlif vəzifələr üzrə maaşın məbləği kredit təşkilatının nə dərəcədə böyük olmasından, idarə etdiyi vəsaitin məbləğindən asılıdır. Məsələn, aktivləri 1 milyar manat ətrafında olan banklar şöbə rəislərinə 1500-2000 manat, departament rəislərinə 2-3 min manat, komitə sədrlərinə 3-5 min manat, İdarə Heyəti və Audit Komitəsi sədrlərinə 6-15 min manat, Müşahidə Şurası sədrinə isə 10-20 min manat maaş ödəyirlər. Kiçik banklarda isə şöbə rəisləri maksimum 1000 manat,  departament rəisləri 1500 manat, komitə sədrləri 2000-2500 manat, İdarə Heyəti və Audit Komitəsi sədrləri 4-5 min manat, Müşahidə Şurası sədri isə 7-8 min manat əmək haqqı alır. 

Digər xəbərlər

Banner