Ceff Beyzosa (Jeff Bezos) aid olan bu yanaşma bu gün “hər şey mağazası” olaraq bilinən Amazon-un təməlini atan qərarın arxasındakı metoddur.
Eləcə də bax: Dünyanın birinci - TRİLYONÇUSU OLACAQ
FED.az xəbər verir ki, bu metodun izahına və əhəmiyyətinə aid yazmağa başlamadan əvvəl bir mövzuya aydınlıq gətirmək istəyirəm. Hər çətin seçim qarşısında qalan sahibkarın, iş adamının bu metodla qərar verəcəyi halda nəhəng uğurlara imza atacağı, milyoner və ya milyarder olacağına təminat verilmir. Amma bu, olmayacaq da demək deyil.
Bu cür düşünməyimin səbəbi siz oxuculara sadəcə “baxın, bu yanaşmanı seçimlərinizə, qərarvermə prosesinizə tətbiq edin, siz də möhtəşəm uğurlar qazanacaqsınız” deyə boş yerə motivasya, həvəs vermək istəməməyimdir.
Bir az daha dərinə gedək, yəni sadəcə bu qərarvermə alətinin effektivliyindən, gücündən danışmaq, Cef Beyzosun bu qərarı verməzdən əvvəlki təhsil və təcrübəsinə baxmadan, həmçinin başladıqdan bu günə kimi olan proses və bu müddət ərzindəki məlumatlara diqqətlə baxmadan, analiz etmədən, bütün uğurunu sadəcə bu qərarvermə alətinə bağlamaq çox saf bir qənaət olardı.
Ətraflı yazmayacağam, amma təklif edirəm ki, əgər maraqlıdırsa, sadəcə nəzərdən keçirəsiniz.
Beyzos uşaqlıqdan çox xüsusi bir məktəbdə təhsil alıb. Əgər araşdırsanız, görəcəksiniz ki, daha gənc yaşlarında iştirak etdiyi proqramlar nə dərəcədə keyfiyyətli idi.
Universitet təhsilinə baxdıqda isə görəcəksiniz ki, dünyanın ən nüfuzlu universitetlərindən biri olan Prinston Universitetinin məzunudur.
İş həyatına nəzər salanda isə işlədiyi şirkətlər savadı, xarakteri, ambisyaları haqqında təəssürat yaratmağa kifayət edəcək.
Uşaqlığı, təhsili, iş həyatı ilə bağlı qısa olaraq yazmağımın səbəbi budur ki, istəsəniz, bu və buna bənzər məlumatları rahatlıqla internetdən tapa bilərsiniz, eyni zamanda yazının əsas mövzusu da bu deyil.
İndi “Peşmanlığı Minimallaşdırma Çərçivəsi” (PMÇ) haqqında danışaq.
Beyzos internetin yeni məşhurlaşdığı vaxtlarda kitab satışı ilə bağlı fikirlərini iş yoldaşları və müdiri ilə müzakirə edir. Amma bu tamamilə bir yenilik, çılğın bir fikir olduğundan başlamaqda da tərəddüd edir. Çünki çox əla işi, maaşı və gələcəyi vardı. Bir müddət müzakirələr etdikdən, fikrini dostları, iş yoldaşları ilə paylaşdıqdan və bazar araşdırması etdikdən sonra, bu riskə getməyə qərar verir. Xanımı ilə də bu fikrini paylaşdığı zaman o da təsdiqləyir və Beyzosa dəstək olacağını deyir.
Növbəti addım olaraq Beyzos müdirinə gedərək online kitab satışı ilə məşğul olmaq, online mağaza fikrini başlamaq istədiyini və işdən ayrılacağını deyir. Müdiri isə “gəl Mərkəzi Parkda (New York Central Park) yürüyüşə çıxaq və orada müzakirə edək” deyir. Bu yürüyüş iki saat davam edir və bu əsnada imkanları, riskləri hər şeyi müzakirə etdikdən sonra müdiri Beyzosa “48 saat ərzində yenidən hər şeyi düşün, hesabla və bundan sonra qərar ver” deyir.
Wall Street-də uğurlu iş həyatını və parlaq gələcəyi bu hədəf uğruna fəda etmək Beyzosa çətin gəldiyindən düşünərkən PMÇ yanaşmasını bir növ kəşf edir. Bu qərarvermə metodunu öz vəziyyətinə tətbiq etdikdən, uğurlu və uğursuz ola biləcək hər şeyi bu prizmadan baxıb dəyərləndirdikdən sonra qərarını verir və bu qərar bu gün, 23-24 il sonra dünyanın ən varlı, ən uğurlu insanlarından biri olmaqla nəticələnir.
Beyzos PMÇ metodunu belə açıqlayır:
“Özümü 80 yaşında təsəvvür etmək istədim. İndi deyək ki, mən geriyə doğru həyatıma baxıram. Həyatımdakı peşmanlıqların sayını azaltmaq, minimallaşdırmaq istəyirəm. Bilirdim ki, 80 yaşında olduğum zaman bir fikrim üçün riskə getdiyimə görə peşmançılıq yaşamayacağam. Buna cəhd etməkdə və böyük bir uğur qazanacağıma inandığım internet adlanan bu fenomendə iştirak etdiyimə görə heyifsilənməyəcəyəm. Əmin idim ki, əgər uğursuz olsam, peşmançılıq yaşamayacağam. Bir mövzuda tam əmin idim: əgər cəhd etməsəm, riskə getməsəm, mütləq peşman olacağam, heyifsilənəcəyəm və bu, məni rahat buraxmayacaq, gözümün önündən getməyəcək, yaxamdan əl çəkməyəcək. Bu cür düşündüyüm üçün də bu riskə getmək mənim üçün çətin qərar olmaqdan çıxıb, inanılmaz dərəcədə çox asan bir qərar oldu.”
Bəli, PMÇ budur. Yəni çətin bir seçim qarşısımda qaldığımız zaman, hansısa bir fürsəti qiymətləndirib qiymətləndirməmək deyə suallar bizi fərqli tərəflərə çəkərkən oturub düşünürük, bunu etsəm, 80 yaşım olanda, dönüb geri baxarkən bunu etdiyim üçün peşman olacağam, yoxsa yox? Cavab “yox”dursa, nə qədər çətin, riskli görünsə də, o fürsəti qiymətləndiririk. PMÇ-nin qısa bir şəkildə izahı bundan ibarətdir.
İndi siz də əgər hansısa sizi həyacanlandıran, başlasam çox böyük uğurlar qazanacağam, hansısa sahədə inqilab edəcəyəm kimi və bənzər fikirləriniz varsa və başlamaq sizi qorxudur, tərəddüd edirsinizsə, o zaman bir də bu prizmadan baxın, riskləri PMÇ ilə qiymətləndirin və qərar verin.
Amma sadəcə peşman olmayacağam deyib qərar vermək deyil, hər ehtimalı yaxşıca hesabladıqdan və düşündükdən sonra, motivasiya, həvəs tələsinə düşmədən. Burada da başqa bir xatırlatma etməyimdə fayda var, bilirsiniz ki, edib-etməmək üzərində oturub çox düşündükdə, hərəkət etmədən sadəcə ehtimalları sorğulayıb, hesabladıqda bu zaman da hərəkət etmə, başlama bacarığımızı iflic etmiş oluruq. Sadəcə oturub düşünür, heç nə etmiriksə, bəlli bir zaman sonra da o olan həvəsimiz də gedir. Ən acısı isə bir də hardasa şəhərdə anidən bir yerdə eyni bizim uzun zamandır zehnimizdəki o biznesi kiminsə başlamış olduğunu görürük. Bu səbəbdən bu hərəkət bacarığımızın iflic olduğu xətti keçməməkdə çox həssas, diqqətli olmalıyıq. Mövzu Beyzos olduğundan elə ondan çox əla bir misal paylaşım. O bu biznesə başladığında ilk investorlarından olan ata və anasına, həmçinin sonradan yatırım edən investorlara bu biznesin uğurlu olma şansı 70%-dir deyirdi. Odur ki, araşdırmalarınız nəticəsində topladığınız məlumatların 100% uğurlu olacağınızı dediyi ana qədər gözləməyin.
İndi isə öz həyatımdan və öz miqyasımda vermiş olduğum çətin bir qərardan bəhs etmək istəyirəm.
ABŞ-a gəlməzdən əvvəl də buraya gələ bilmək üçün bir riskə getməli idim. Bu, bir çox səbəbdən çox çətin idi. O zaman mən özümə iki sual vermişdim. Birinci sual bu idi: “Əgər getməsəm, Bakıda qalsam, iş həyatında çox yaxşı yerlərə gəlcəyəm. Maddi baxımdan da hər şey çox yaxşı olacaq. Ev, avtomobil, status və s., bunların hər biri olacaq. Bəs bütün bunlara nail olmuş halda bir neçə il sonra riskə getmədiyim üçün, ABŞ-a o hədəflərim üçün getməmiş olmağım məni narahat edəcəkmi? Üzüləcək, “kaş ki” deyəcəyəmmi?” Cavab çox böyük, bariz, dolğun bir şəkildə və dərhal, gurultuyla gələn bir “HƏ” idi.
Daha sonra ikinci sualı soruşdum: “Əgər getsəm, ola biləcək ən mənfi nəticə getmə səbəbim olan hədəflərimdə ABŞ-da uğursuz olmağımdır. Bu isə deməkdir ki, həm uğursuz olacağam, həm də Bakıdakı bütün bu imkanları itirmiş olacağam. 2-3-5 il sonra bu məndə peşmançılığa səbəb olacaqmı?” Bu sualın cavabı isə güclü, enerji dolu, böyük, şəffaf bir “ƏSLA” idi.
O anı, o günü indi bütün detalları ilə xatırlayıram, saat 15-16 radələri idi, müdirlə görüşüb qərarımı, şirkətdən ayrılmaq fikrimi paylaşdım. O, indiyə kimi birlikdə işlədiyim ən möhtəşəm insanlardan biri idi və hələ də mənim üçün belədir. Yaxşıca düşünməyimi, ağılsızlıq etməməyimi, nələri itirəcəyimi ətraflıca bir daha hesablamağımı tövsiyə etdi. Lakin mən artıq qərarımı vermişdim. Bəlkə düşünə bilərsiniz ki, ABŞ-a getmək niyə çətin olsun ki, bundan daha yaxşı nə ola bilər? Çətinlik deyərkən nəzərdə tutduğum sadəcə vəzifəmi, aldığım maaşı itirmək deyildi, əsas çətinlik burada detallarına girmək istəmədəyim başqa məsələlər idi. Yəni sadəcə işdən çıxıb, buraya gəlməyə çətinlik demirəm, bunu nəzərdə tutmuram. Bunun nə olduğunu da başqa bir yazıda, vaxtı gələndə mütləq paylaşacağam.
O zaman Beyzosun PMÇ metodu haqqında məlumatım yox idi. Qərar verim deyə düşünərkən necə oldusa bu iki sual zehnimə gəldi və mən də cavablandırıb doğru olduğunu düşündüyümü etdim. Mən Beyzosun uğurları ilə müqayisə belə oluna bilməyəcək qədər kiçik uğurlara imza atmasam da, öz dünyamda mənim üçün çox vacib olan bir neçə çoxdankı xəyallarımın reallaşdırılmasına başlamış oldum. Ən əsası da PEŞMAN DEYİLƏM!
İndi siz də əgər bu cür bir dilemma ilə qarşı-qarşıyasınızsa, o zaman PMÇ-ni özünüz üçün, öz vəziyyətinizə və suallarınıza tətbiq edin. Ömrümüzün sonunda gücümüzün, enerjimizin, imkanlarımızın tükənmiş olduğu bir yerdən geriyə baxıb heyifsilənmək, peşmançılıq yaşamaq heç nəyi dəyişdirməycək.
Bu gün, indi başlayın və ömrünüzün sonunda özünüzü təbrik edəcəyiniz, geriyə baxıb qürür duyacağınız o qərarı verin, o anı yaşayın.
Ən pis halda nə olacaq bilirsiniz – uğursuz olacaqsınız, nələrisə itirəcəksiniz.
Yaxşıca düşünün və elə indi PMÇ-ni cavablandırıb lazım olan nədirsə elə indi, gecikdirmədən etməyə başlayın.
Bəlkədə, növbəti inqilabı ideya sizdədir. Ən əsası reallaşdıracaq olan da məhz sizsiniz. HEÇ BİLMƏK OLMAZ.
Amma bu həvəsləndirici cümlələrdən sonra aşağıdakıları paylaşmağı da özümə borc bilirəm:
1. Bu texnikanı istifadə edərək qərar verdiyiniz zaman kimsə sizə dünyanın ən varlı insanı olacağınızı vəd etmir. Yuxarıda Beyzosun təhsili, təcrübəsi haqqındakı yazdıqlarımı xatırlayın.
2. Amazonun uğurlu olmasını sadəcə bu metoda bağlamaq, bununla əlaqələndirmək də tamamən səhvdir. Başlamaq və uğurlu olmaq, uğurlu qalmaq və bu cür davam etməkdən tamamən fərqlidir. Hər iksinin də tələb etdikləri arasında eyniliklər olduğu kimi, ciddi fərqliliklər də var.
3. Hansı sahədə olduğumuzu xatırlamalı olduğumuz da başqa bir həyatı faktordur.
Bundan sonrası isə sizə qalıb…
Bəlkə gələcəkdə yazacağım yazıların biri də məhz sizin hekayəniz olacaq?!
Müəllif: İsmayıl Vəliyev,
Mənbə: ismayilvaliyev.com