Azərbaycan Respublikasının baş dövlət sanitariya həkimi “Turizm və hotelçilik sektorunda koronavirus (COVID19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlər”i təsdiqləyib.
Eləcə də bax: Pandemiya dövründə ictimai nəqliyyat üçün - QAYDALAR MÜƏYYƏNLƏŞİB
FED.az xəbər verir ki, sənədə əsasən, turizm müəssisəsinin hər bir heyət üzvü Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən verilən COVID-19-a qarşı əsas müdafiə tədbirlərinə, (əl gigiyenası, sosial məsafənin saxlanması, gözlərə, burun və ağıza toxunmamaq, tənəffüs gigiyenasına riayət etmək) və xəstəliyə uyğun simptomlar varsa evdə qalaraq, tibbi yardım üçün müraciət etmək kimi tövsiyələrinə xüsusi diqqət yetirməlidir.
Qeydiyyat işçiləri COVID-19 barədə kifayət qədər məlumatlandırılmalıdırlar ki, qarşılarında qoyulan tapşırıqları etibarlı şəkildə, təhlükəsiz yerinə yetirsinlər və müəssisə daxilində COVID-19 yayılmasının qarşısını alsınlar. Profilaktika ilə bağlı görülmüş tədbirlər və ya qonaqların ehtiyacı ola biləcəyi digər xidmətlər (məsələn, ərazidə və ya müəssisənin özündə mövcud olan tibb və əczaçılıq xidmətləri) barədə müəssisənin siyasəti haqqında qonaqlara məlumat verməyi bacarmalıdırlar. Tənəffüs simptomları olan qonaqlara həkim tərəfindən baxış aparılana qədər otaqlarında qalmaq və əsas gigiyena qaydaları haqqında tövsiyələr verməlidir. Rəhbərlik həmin şəxslərin həkim tərəfindən müayinəsini dərhal təmin etməlidir.
Qonaq Qəbulu masasında profilaktik tədbir olaraq tibbi maskalardan gündəlik həyatda istifadə etmək vacibdir. Bundan başqa həmin şəxslərin istifadə edə biləcəyi vasitələrə aşağıda qeyd olunanlar aid edilir:
- Bakterisid dezinfeksiyaedici / səthlər üçün təmizləyici salfetlər;
- Tibbi maska, tibbi eynək və ya sipərlik;
- Əlcəklər (birdəfəlik);
- Qoruyucu önlük (birdəfəlik);
- Uzun xalat;
-Biotəhlükəli tullantılar üçün birdəfəlik torba.
Sosial məsafə saxlanması, əl və tənəffüs gigiyenası COVID-19 yoluxmasının qarşısını alan əsas tədbirlərdir. Qonaqlar bu tədbirlər barədə məlumatlandırılmalıdırlar. Sosial məsafə istər qonaqlar arasında, istər personal arasında, istərsə də qonaq və personal arasında qorunmalıdır. Sosial məsafənin qorunması ən az 2 m məsafəni əhatə edir.
Əl gigiyenasına, əllərin spirt əsaslı məhlul ilə müntəzəm təmizlənməsi və ya sabun və su ilə yumaq aid edilir. Eyni zamanda gözlərə, buruna və ağız boşluğuna toxunmaqdan çəkinilməlidir. Əllərin dezinfeksiya edilməsi, qonaqlar ilə işçi heyətin arasında hər hansı bir əşyaların (pul, kredit kartları) ötürülməsindən sonra icra olunmalıdır. Öskürmə və ya asqırma zamanı ağız və burun birdəfəlik kağız salfet ilə və ya parka dəsmal ilə örtülməlidir. Olmadığı təqdirdə dirsək büküşündən istifadə edilə bilər. İstifadə olunan salfet və ya parça dəsmal dərhal qapağı olan qaba atılmalıdır. Xəstəliyinə şübhə olan şəxsin hüquqları qorunmaq şərti ilə müəssisədə xüsusi nəzarətə götürülməlidir. Həmin şəxs tibbi maska ilə təmin olunaraq ona tibbi yardım çağırılmalıdır. Qeydiyyat işçiləri bütün bu məlumatları təmkinlə qəbul etməlidir, vəziyyəti qiymətləndirmək və müvafiq qərarları qəbul etməyi rəhbərliyin və tibbi xidmət əməkdaşlarının üzərinə qoymalıdırlar.
İstifadədə üçün verilən, həmçinin hovuzlarda və ya spa-mərkəzlərdə olan suyun tərkibindəki dezinfeksiyaedici vasitələrin konsentrasiyası beynəlxalq norma və standartlara uyğun olaraq tövsiyə olunan yuxarı hədlərdə saxlanması arzu olunandır. Qabyuyan və camaşırxana avadanlıqlarının işlək olması, temperatur rejiminin riayət olunması üçün vacibdir. Yuyucu və dezinfeksiya edici kimyəvi maddələr qaydalara uyğun istifadə edilməlidir. Qapalı hovuzların ventilyasiyası, hava mübadiləsi, nəm alma cihazının düzgün işləməsi yoxlanmalıdır. Sabun və dezinfeksiyaedici məhlulların dispenserlərini (dozatorlarını), əl quruducularının, birdəfəlik kağız salfetləri dispenserlərinin və digər aidiyyəti cihazların düzgün işləməsini təmin etmək üçün həmin avadanlıqların, mütəmadi yoxlamaları icra olunmalıdır. Cihazların qüsurlu hissələri sürətlə təmir olunmalı və ya dəyişdirilməlidir. Otelin müxtəlif ərazilərində, o cümlədən qonaqlar və işçilər tərəfindən istifadə olunan ictimai ərazilər dezinfeksiyaedici geldən istifadə etmək üçün qurğularla təmin olunmalıdır.
İctimai iaşə zonalarının işçiləri şəxsi gigiyenaya (müntəzəm olaraq əl yuma, tənəffüs gigiyenası və s.) ciddi şəkildə riayət etməlidirlər. Həmin zonalara daxil və xaric olarkən əllərini dezinfeksiyaedici gel vasitəsi ilə təmizləməyi qonaqlara xatırlatmaq lazımdır. Bunun üçün, həmin obyektlərin girişinin müvafiq cihazlarla təchiz olunması zəruridir. Bufetlərdə qonaqlar qida məhsullarına əl ilə toxunmaqdan çəkinməlidirlər. Zərurət olduqda, servis əşyaları istifadə olunduqca tez-tez dəyişdirilməlidir və bu əşyalar ayrı konteynerdə saxlanmalıdır. Xidmətdən sonra bufet səthləri təmizlənməli və dezinfeksiya edilməlidir. Qəhvə və s. avadanlıqlarına mütəmadi əl ilə toxunulur. Bu səbəbdən həmin avadanlıqlar hər istifadədən sonra və zərurət olduqda daha tez-tez təmizlənib dezinfeksiya edilməlidir. Adi prosedurlardan istifadə edilməlidir. Bütün qablar, qonaqlar və ya işçilərin əlləri ilə təmasda ola bildikləri səbəbindən istifadə edilməmiş əşyalar da daxil olmaqla, qabyuyan maşında yuyulmalı və dezinfeksiya edilməlidir.
Hər hansı bir səbəbdən əl ilə yumaya ehtiyac yaranarsa, bütün ehtiyat tədbirlərini görərək adi addımlara əməl etmək lazımdır (yuma, dezinfeksiya etmə, durulama). Qurutma birdəfəlik kağız dəsmallardan istifadə edilməklə aparılmalıdır. Eyni şəkildə, süfrələr və dəsmallar adi qaydada yuyulmalıdır. 10 kvadrat metr ərazidə ən çox 4 nəfərin olması tövsiyə olunur. Ərazidə oturacaqların ara məsafəsi 1m-dən az olmamalıdır. Masaların arasındakı məsafə 2m-dən az olmamalıdır. Uşaqlarda COVID-19-a yoluxma hallarının geniş yayılmamasına baxmayaraq faktlar göstərir ki, onlar arasında ağır gedişatlı və ölüm ilə nəticələnən hallar müşahidə edilir. Həmin zonada məsul əməkdaş diqqətli olmalı, soyuqdəymə simptomu müşahidə etdiyi təqdirdə, dərhal həmin uşağın valideyinləri ilə əlaqə saxlamalı və situasiya ilə əlaqəli idarəetməni icra etməyi bacarmalıdır. Belə hallarda ərazi müvəqqəti bağlanmalıdır və orada dərin dezinfeksiya işləri icra olunmalıdır. Müəssisədə COVID-19-a yoluxma halları olmadıqda belə, gigiyena qaydalarının tətbiqinin genişləndirilməsi tövsiyə olunur. İctimai yerlərin dezinfeksiyasına xüsusi diqqət yetirilməlidir, məsələn tutacaqlar, lift düymələri sürahilər və s. Təmizlik heyəti müvafiq qaydada təlimatlandırılmalıdır. Hər müəssisənin təmizləmə və dezinfeksiya planı tərtib olunmalıdır. Qonaqlar və personal sırasından COVID-19-a şübhəsi ilə xəstəxanaya təxliyə edilən şəxsin yaşayış zonası həmin plana uyğun təmizlənməli və dezinfeksiya edilməlidir.
Qaydalara əsasən təmizlik personalı müvafiq fərdi qoruyucu vasitələrdən istifadə etməlidir.
Aşağıda qeyd olunanlar icra olunmalıdır:
- Xəstənin otağının təmizlənməsi zamanı əlcəklər və tibbi maska istifadə edilməlidir.
- Tənəffüs sekresiyaları və ya bədən mayeləri ilə çirklənmə halında, bütün səthlər 1:100 normal durulaşdırılmış ağardıcı ilə təmizlənməli (Natrium hipoxlorit), əhəmiyyətli dərəcədə çirklənmə olduqda isə 1:10 normal durulaşdırma ilə hazırlanmış ağardıcıdan istifadə edilməlidir. [Ağardıcının hazırlanma dərəcələri (10%-lıq):
- 1/10 nisbət-də ağardıcının hazırlanması: 1 ölçü ağardıcı + 9 hissə su (5000-6000 ppm xlor sərbəst buraxılır) 1/100 nisbətdə ağardıcının hazırlanması: 1 ölçü ağardıcı + 99 hissə su (500-600 ppm xlor sərbəst buraxılır)] 1/100 nisbətində ağardıcı əldə etmək üçün praktik olaraq 10 litr suya 1 kiçik çay stəkanı qədər ağardıcı əlavə edin;
- Ağardıcıdan istifadə etmək mümkün olmadığı təqdirdə (məsələn; telefon, uzaqdan idarəetmə pultları, lift düyməsi və s.) 70% spirt məhlulu istifadə edilə bilər:
- İstifadə edilən paltar, döşək üzləri, yataq örtükləri dəsmalları və s. camaşırlar birdəfəlik istifadə üçün nəzərdə tutulmuş, ağzı sıx bağlanan, polietilen paketlərə yerləşdirilməlidir. Şübhəli şəxsin istifadə etdiyi paltar, dəsmal, yataq örtüyü kimi tekstil məhsulları 60- 90°C- də yuyucu toz ilə yuyulmalıdır.
Birdəfəlik əşyalar qapaqlı konteynerə yerləşdirilir və tibbi tullantıların idarə edilməsi qaydalarına uyğun utilizasiya olunmalıdır. Təmizlik işləri görən heyyət fərdi qoruyucu vasitələrdən iştifadə qaydalarına dair təlimlər keçməlidirlər və vasitənin istifadəsindən sonra gigiyena qaydalarına dair təlimatlandırılmalıdırlar. Bütün otaq və ictimai ərazilər gündəlik havalandırılmalıdır. Təmizləyici personal hər hansı bir otaqda xəstə insan aşkarladıqda dərhal qeydiyyat əməkdaşlarına məlumat verməlidir. Əldə olunan məlumatların məxfiliyi təmin olunmalıdır. Aşağıda qeyd olunan fərdi qoruyucu vasitələr ilə əməkdaşlar təmin olmalı və istifadəsinə dair təlimatlandırılmalıdırlar:
- Əlcəklər
- Birdəfəlik xalatlar
- Qapalı ayaqqabı
- Sipərlik
Onlar həmçinin lazım ola biləcək dezinfeksiya edici məhlullar ilətəmin olunmalıdırlar.
Qonaq və ya heyətdə kəskin respirator infeksiyanın simptomları inkişaf edirsə, xəstənin müəssisənin bütün qonaqları və işçiləri ilə təmasını minimuma endirmək üçün səy göstərilməlidir.
- Xəstə insan digər şəxslərdən ən azı 2 metr məsafəyə ayırılır;
- Eyni mühiti başqa bir insan(lar) ilə bölüşmək məcburiyyətində qaldıqda, tibbi maska taxmalıdır;
- Ailə üzvlərinin yoluxma riskinin qarşısını almaq üçün, monitorinqi oteldə aparılan şəxs(lər), mümkünsə, digərlərindən ayrı otaqda qalmalı, mümkün olmadıqda isə yaxşı havalandırılan otaqda, başqalarından ən azı 2 metr məsafəni saxlamalı və tibbi maska taxmalıdır. Maska nəm olduqda yenisi ilə əvəz olunmalıdır. Xüsusilə, yaşı > 65 və / və ya ağır gedişli COVID-19-a səbəb ola biləcək risk faktoru olan şəxslərlə, mümkünsə eyni otaqda olmamalı və ya təmas riski minimuma endirilməlidir;
- Əgər varsa, xəstə ayrı bir tualet və hamam otağından istifadə etməlidir;
- Ümumi tualet və hamam otağından istifadə edilərsə, həmin otaqların havalandırılması yaxşı aparılmalıdır. Hamam otağı və tualetləri gün ərzində ən azı bir dəfə durulaşdırılmış ağardıcı ilə təmizləmək lazımdır (1:100 normal durulaşdırma) (Natrium hipo-xlorid);
- Xəstə şəxsi əşyalarını başqaları ilə bölüşməməli və ya ailə üzvləri ilə stəkan, boşqab və dəsmal kimi əşyalarından ortaq istifadə etməməlidir. İstifadə etməli olduqda isə bu əşyalar sabun və su ilə yuyulmalıdır;
- Otağı təmizləyən personal fərdi qoruyucu vasitələrdən istifadə etməlidir;
-Tullantıların idarə edilməsi qaydalarına ciddi riayət olunmalıdır.
İş zamanı özündə COVİD-19-a spesifik olan əlamət(ləri) hiss edən işçi (qızdırma, quru öskürək, nəfəs darlığı, ishal və s.) dərhal işini dayandırmalı, tibbi maska ilə təmin olunaraq qapalı otaqda izolyasiya edilməlidir. Həmin şəxsə tibbi xidmətin göstərilməsi üçün 103 TTTY-yə müraciət edilməlidir;
- İşə gəlməzdən əvvəl özündə COVİD-19-a spesifik olan əlamət(ləri) hiss edən işçi (qızdırma, quru öskürək, nəfəs darlığı, ishal və s.) rəhbərinə xəbər verərək evdə izolyasiya olunmalıdır və tibbi xidmətin təmin olunması məqsədi ilə 103 TTTY-yə müraciət etməlidir;
- Xəstəlik əlaməti olan işçinin iş yeri dezinfeksiya edilməlidir;
-Həmin işçidə laborator üsul ilə COVID-19 təsdiqləndiyi halda, onunla sıx təmasda olan əməkdaşlardan test götürülməli və cavabları aşkarlanana qədər onlar evdə izolyasiya olunmalıdır.
Kontaktların müəyyənləşdirilməsi və idarə edilməsi Kontaktların müəyyənləşdirilməsi müəssisədə xəstə aşkar edildikdən dərhal sonra başlamalıdır. Bu barədə ərazi Gigiyena və Epidemiologiya Mərkəzinə xəbər verilməlidir.
Kontakt şəxslərə kim aid edilir:
- Qonağın otaq yoldaşı;
-COVİD-19-a şübhəli şəxsə qayğı göstərən şəxs;
- COVİD-19-a şübhəli şəxs ilə hər hansı bir fərdi qoruyucu vasitələrdən istifadə etmədən kontaktda olan şəxs.
Təchizat üzrə podaratçılar COVID-19-a qarşı profilaktik tədbirlər qaydalarına riayət etməlidirlər.