Yay mövsümünün yaxınlaşması və pandemiyanın səngiməsi ilə əlaqədar Azərbaycana gələn turistlərin sayında ciddi artım gözlənilir. İyun ayının ilk günlərindən bölgələrə turist axını var.
FED.az xəbər verir ki, Lənkəran da yay turizm mövsümünə əvvəlcədən hazırlaşıb. Turizm mövsümü hələ başlamamış artıq Lənkəranda xeyli sayda turist görmək mümkündür. Həm Bakıdan, həm də ölkəmizin ayrı-ayrı rayonlarından gələn turistlər zümrüd meşələri, sıralanmış dağları, dənizi, müalicəvi qumu, şırhaşır çayları, saf bulaqları ilə tanınan Lənkəranda dincəlməyə üstünlük verirlər. Qonaqları bura cəlb edən digər amil isə cənub mətbəxi və adət-ənənələrdir.
Pandemiyaya görə iki ildir ziyanla işləyən otel və mehmanxana sahibləri bu il vəziyyətin müsbətə doğru dəyişməsindən məmnundurlar. İstirahət mərkəzləri yeni mövsümdə fəaliyyətlərini turistlərin istək və tələblərinə uyğun qurmağa çalışırlar.
Otel rəhbəri Təranə Səmədova bildirib ki, turistlər mövsümlə əlaqədar yaşıllığı görmək, təbiətdə olmaq üçün daha çox kənd yerlərinə üz tuturlar: “Dörd ildir fəaliyyət göstəririk. Otelimiz təbiət qoynunda yerləşir. Bu il qonaqların sayı artıb. Gələnlər də cənub zonasının mətbəxinə, gözəl səfalı təbiətinə görə gəlirlər. Həm də ki, yaxşı istirahət etmək istəyirlər. Turistlərin rahat istirahət edə bilməsi üçün bu il hovuz da istifadəyə vermişik. İstəyirik ki, qonaqlarımız yaxşı dincələ bilsinlər, vaxtlarını maraqlı və səmərəli keçirsinlər”.
Turistlər üçün hərtərəfli şərait yaradıldığını vurğulayan otel meneceri Seymur Quliyev isə qeyd edib ki, uşaqların əyləncəsi də yaddan çıxmayıb. Onlar üçün xüsusi meydança yaradılıb. “Demək olar, turistlər üçün bütün şərait yaradılıb. Gələnlər arasında xarici qonaqlar da var”, - deyə o əlavə edib.
Ümumiyyətlə həftə sonları Lənkərana gün ərzində 200-300 turist gəlir. Otel restoranının administratoru Nahid Məmmədli bildirib ki, pandemiya ilə əlaqədar bəzi qadağalar götürüldüyünə görə bölgəyə gələn qonaqların sayı artıb: “Qiymətlərimiz qənaətbəxşdir. 1-2 yemək istisna olmaqla, digərlərinin qiyməti qalxmayıb. Yəni pandemiyadan qabaq hansı qiymətə idisə, həmin qiymətlər olduğu kimi qalır”.
Turistlərin gəzintisini rahatlaşdırmaq məqsədilə Lənkəranın turizm xəritələri, müvafiq məlumatverici broşür və bukletlər otel və mehmanxanalara, istirahət məkanlarına təqdim edilib. Bu mövsüm rayonda yeni turizm istiqamətləri üzrə turların təşkili də nəzərdə tutulub.
Turist Mehman Dadaşov: “Cənub bölgəmizin gözü olan Lənkəranın ucqar kəndlərində gözəl təbiətdə tez-tez istirahət edirik. Burada ailəvi istirahət edib, dadlı yeməklər yeyirik. Məkanlar səliqəlidir, bu bölgənin təmiz havası var. Xidmətlər də yaxşıdır. Buranın yeməklərini hər kəs bəyənir. Düşünürəm ki, hər kəs belə məkanlarda gəlib istirahət edə bilər”.
Bəzi turistlər istirahət üçün kənd yerlərini seçirlər. Buna görə də son illərdə turistlər üçün ayrılan kənd evlərinin sayı 50-60 faiz artıb. Dövlət Turizm Agentliyi də bununla bağlı xüsusi planlar üzərinə işləyir. Turizm məqsədilə kənd evləri ilə bağlı yeni layihəyə start verilib. Kəndlilər “Kənd evləri” elektron portalı vasitəsilə öz xidmətlərini geniş turizm kütləsinə təqdim etmək imkanı qazanacaqlar.
Lənkəran Turizm İnformasiya Mərkəzinin direktoru İlqar Əzimov deyib: “Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu və tərəfdaş təşkilatlar olan KOB və Dövlət Məşğulluq Agentliyi ilə birgə kənd evləri ilə bağlı layihəyə start verilib. Lənkəranda bir sıra kənd evlərinə müvafiq avadanlıqlar təqdim olunub ki, bu da turistlərə göstərilən xidmətin daha müasir səviyyədə təşkilinə yardımçı olacaq”.
Yay aylarında turistlər üçün gündəlik mədəniyyət proqramlarının təşkili də nəzərdə tutulub. Yay turizmi həm də sənətkarlar üçün gəlir mənbəyidir. Rəssam-keramikaçı Tərlan Sadıqov da bunu təsdiqləyir. “Mən öz işimlə Lənkəranı tərənnüm edirəm. Əvvəllər sərgilər olurdu, əl işimizi geniş kütlə önünə çıxarardıq, xarici turistlər də gəlib alardılar. Ümid edirik ki, bundan sonra da belə olacaq. Xarici turistlər nə qədər çox gələrsə, əl işlərimizi də alıb aparacaqlar. Sevinərik ki, Azərbaycanımızın təbliğatında azacıq olsa bizim də payımız var”.
Qeyd edək ki, Lənkəranda 17 otel və mehmanxana tipli obyekt fəaliyyət göstərir. Bu obyektlərdə, eləcə də kənd evlərində, ümumilikdə, bir gündə 3 minə yaxın turist yerləşə bilər (Azertag).