ABŞ və İsrailin İrana hücum etməsi və Yaxın Şərqdəki gərginlik fonunda fevralın 28-də Yaxın Şərqdə 1800-dən çox uçuş ləğv edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə "The New York Times" (NYT) qəzeti "Cirium" analitik şirkətinin məlumatlarına istinadən məlumat yayıb. Qurum xəbər verir ki, hələ başa çatmayan martın 1-də isə təxminən 700 uçuş ləğv edilib.
Nəşr qeyd edir ki, aviaşirkətlər cədvəllərini dəyişdirməyə davam etdikcə ləğv edilmiş uçuşların sayı artacaq.
Xatırladaq ki, uçuşların ləğv edilməsi Azərbaycan Hava Yolları Şirkəti – AZAL-ın qrafikinə də təsir edib.
AZAL hava hücumları nəticəsində İran, Dubay və İsrailə reysləri təxirə salıb, artıq uçuşa başlayan təyyarələr isə hava hücumları başlayandan sonra yenidən Bakıya qayıdıblar.
Xatırladaq ki, fevralın 28-i səhər saatlarında ABŞ İsraillə birlikdə İrana qarşı hərbi əməliyyata başlayıb və İslam Respublikasının şəhərlərinə zərbələr endirib. Cavab olaraq İran Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) də daxil olmaqla, Yaxın Şərqdəki Amerika hava bazalarına raket və pilotsuz təyyarələrlə hücumlar həyata keçirib. BƏƏ hökumətinin məlumatına görə, İran mülki hədəflərə, o cümlədən Dubay Hava Limanına da zərbə endirib.












