2026-cı ilin sentyabr ayında Azərbaycana səfər edən Çin vətəndaşlarının sayı ötən ilin eyni ayı ilə müqayisədə 28% artaraq 11 min 49 nəfərə çatıb.
FED.az xəbər verir ki, cari ilin yanvar-sentyabr aylarında isə Azərbaycana 52 min 115 Çin vətəndaşı səfər edib. Bu, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,4% artım deməkdir.
Beləliklə, sentyabr ayında Çindən Azərbaycana səfərlərin artım tempi ilin ilk doqquz ayı üzrə qeydə alınan ümumi artım tempini əhəmiyyətli dərəcədə üstələyib.
Çinli turistlərin Azərbaycana marağının artması fonunda ölkənin turizm imkanlarının Çin bazarında tanıdılması istiqamətində tədbirlər davam etdirilir.
Oktyabrın 16-da Azərbaycan Turizm Bürosunun (ATB) Pekindəki nümayəndəlik ofisi və “Şahdağ” Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə Çinin paytaxtında təqdimat keçirilib.
Tədbirdə Pekində fəaliyyət göstərən 10-dan çox aparıcı turizm agentliyinin nümayəndələrinə Azərbaycanın qış turizmi imkanları barədə məlumat verilib.
Təqdimat zamanı “Şahdağ” Turizm Mərkəzinin təklif etdiyi qış turizmi xidmətlərinin çinli turistlər üçün hazırlanacaq səyahət proqramlarına daxil edilməsi imkanları müzakirə olunub.
Həmçinin “Şahdağ” Turizm Mərkəzinin Azərbaycan üzrə mövcud turizm marşrutlarına inteqrasiyasının səyahət proqramlarının zənginləşdirilməsinə verə biləcəyi töhfələr diqqətə çatdırılıb.
Görüş çərçivəsində Azərbaycan və Çin turizm agentlikləri arasında işgüzar əlaqələrin genişləndirilməsi, eləcə də Azərbaycanın müxtəlif turizm istiqamətlərinin Çin bazarında təşviqi məsələləri nəzərdən keçirilib.
Təqdimatın məqsədi Azərbaycana Çin bazarından turist axınının artırılması və ölkənin qış turizmi imkanlarının daha geniş auditoriyaya çatdırılmasıdır.














