2019-cu ilin avqust ayında Azərbaycana gəlmək üçün “ASAN Viza” alan əcnəbi vətəndaşların sayı rekord həddə çatıb. Belə ki, ötən ay ərzində Azərbaycana gəlmək üçün 134 fərqli ölkədən 125 424 əcnəbi vətəndaş “ASAN Viza” sistemi vasitəsilə viza müraciəti edib. Bu da avqust ayının “ASAN Viza”nın yarandığı tarixdən ən çox müraciət edilən ayı olması ilə yanaşı, həmçinin 2018-ci ilin analoji dövrü ilə müqayisədə 24% artım deməkdir.
Bu barədə Dövlət Agentliyindən FED.az-a bildirilir.
Eləcə də bax: "ASAN Viza" sistemi haqqında Əsasnamə" dəyişdi - FƏRMAN
Azərbaycana avqust ayı ərzində e-viza üçün ən çox müraciət edənlər Birləşmiş Ərəb Əmirlikləri, Çin, Türkiyə, Hindistan, Pakistan, İran, İsrail, Səudiyyə Ərəbistanı, Küveyt və Türkmənistan vətəndaşlarıdırlar.
“ASAN Viza” vasitəsi ilə avqust ayında ümumi vizaların 44 %-i məhz Azərbaycanın beynəlxalq hava limanlarında 15 ölkə vətəndaşı üçün müvafiq sistemlə əldə olunan vizaların payına düşür. Hava limanlarında 7 dildə fəaliyyət göstərən “ASAN Viza” özünəxidmət terminalları vasitəsi ilə, həmçinin əməkdaşların iştirakı ilə Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Koreya, Çin, İran, İsrail, İndoneziya, Küveyt, Qətər, Malayziya, Oman, Səudiyyə Ərəbistanı, Sinqapur, Bəhreyn və Yaponiya vətəndaşları 2 dəqiqə ərzində öz elektron vizalarını əldə edə bilirlər. Birləşmiş Ərəb Əmirliklərində 6 aydan çox etibarlılıq müddəti olan rezident vizasına malik olan şəxslərə də Azərbaycan Respublikasının beynəlxalq statuslu hava limanlarında viza rəsmiləşdirilir.
2019-cu ilin ilk 8 ayına nəzər saldıqda isə, “ASAN Viza” vasitəsi ilə verilən vizaların sayı keçən ilin müvafiq dövrü ilə müqayisədə 43% artıb.