Biz əvvəlcə “Tələbə kreditləri haqqında” qanun layihəsi hazırlamağı düşünürdük. Amma bununla bağlı məsələlər müzakirə olunarkən həmin sənədin tələbə kreditləri yox, əslində, təhsil kreditləri adlandırılmasını məqsədəuyğun saydıq. Odur ki, hazırda “Təhsil kreditləri haqqında” qanun layihəsinin hazırlanmasının, necə deyərlər, axtarışlarındayıq.
FED.az xəbər verir ki, bunu açıqlamasında Milli Məclisin (MM) Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli deyib.
Qeyd edək ki, parlamentin 2017-ci il payız sessiyası ilə bağlı adıçəkilən komitənin ilk iclasında İ.Həbibbəyli “Tələbə kreditləri haqqında” qanun layihəsinin hazırlanmasının nəzərdə tutulduğunu bildirmişdi.
O qeyd etmişdi ki, belə bir sənədin qəbuluna cəmiyyətin, xüsusilə də, övladları ali məktəblərin ödənişli ixtisaslarında oxuyan aztəminatlı ailələrin böyük ehtiyac var. Ancaq 2017-ci il parlamentin payız sessiyası və 2018-ci il yaz və növbədənkənar sessiyaları başa çatsa da, adıçəkilən sənəddən səs çıxmadı.
Eyni zamanda, millət vəkilləri Vahid Əhmədovla Əli Məsimli hələ bir neçə il öncə “Təhsil kreditləri haqqında “qanun layihəsini hazırlayıb parlamentə təqdim etmişdilər. Ancaq bugünədək həmin sənəddən bir soraq yoxdur.
İ.Həbbibəyli isə bu məsələ ilə bağlı fikirlərini davam etdirərək deyib ki, əgər sənəd tələbə kreditləri adlandırılarsa, o zaman ancaq ali təhsilin bakalavriat pilləsində təhsil alan tələbələr nəzərdə tutulmuş olacaq:
“Ancaq təhsil kreditləri adlandırılarsa, o zaman təhsilin magistratura və doktorantura pilləsində ödənişlli əsaslarla oxuyanlar bundan yararlana biləcəklər.
Düzdür, “Elm haqqında” qanunda doktoranturada oxuyanlarla bağlı məsələ nəzərdə tutulur, amma biz məsələyə daha geniş aspektdən yanaşmağı, həm bakalavr, həm magistr, həm doktorantura pilləsində ödənişli əsaslarla təhsil alanların hamısının bir yerdə təhsil kreditlərindən yararlanmasını düşünürük.
Odur ki, qanunun “Təhsil kreditləri haqqında” adlandırılmasını daha məqbul sayırıq. Hazırda qanunla bağlı axtarışlarımızı davam etdiririk. Bu məsələdə əsas çətinlik sənədin maliyyə tutumlu olmasıdır. Bu məsələ üçün böyük kapital, maliyyə lazımdır.
Düzdür, ali məktəblərin bir neçəsi birləşərək, bir Fond yaradıblar və oradan müəyyən tələbələr təhsil kreditləri ala bilərlər. Amma bu, ödənişli əsaslarla oxuyanların cüzi bir hissəsini əhatə edir. Biz isə istəyirik ki, hamı bundan yaralana bilsin.
Ona görə də bu məsələnin müsbət həlini tapmasında iş adamlarından, sahibkarlardan, bank sektorundan ciddi təkliflər, təşəbbüslər gözləyirik.
Birincisi, həmin vəsaitlər sonradan müəyyən faizlər əlavə olunmaqla, onların özlərinə qayıtmış olacaq, ikincisi, onların ayırdıqları vəsaitlər ölkənin gələcək inkişafına, Azərbaycanın təhsilli gəncliyinin formalaşmasına bir stimul, kömək olacaq.
Bu baxımdan, iş adamları, bankirlər bu məsələyə ciddi maddi dəstək verməlidirlər. Bütün hallarda belə bir qanunun qəbulunu vacib hesab edirik və inanırıq ki, yaxın gələcəkdə bu məsələ öz müsbət həllini tapacaq.
Komitə olaraq da qanun layihəsi üzərində işlərimizi bundan sonra da davam etdirəcəyik”, - deyə İ.Həbbibəyli əlavə edib.