Yanvar-may aylarında istehlak qiymətləri indeksi 2019-cu ilin eyni dövrünə nisbətən 102,9 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 105,5 faiz, qeyri-ərzaq məhsulları üzrə 101,2 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 101 faiz təşkil edib.
Eləcə də bax: İstehlakçıların davranışları tam araşdırılmayanda - BAŞ VERƏNLƏR..
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən bildirilib ki, mayda istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,5 faiz, əvvəlki ilin may ayına nisbətən 102,9 faiz olub. Cari ilin mayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 98,7 faiz, əvvəlki ilin eyni ayına nisbətən 105,7 faiz təşkil edib. Cari ilin may ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox ucuzlaşma təzə balığın, pasterizə olunmamış üzlü südün, yoqurtun, tərkibində qursaq mayası olan bərk və yumşaq pendirin, yumurtanın, kərə və zeytun yağlarının, alçanın, çiyələyin, qozun, kələmin, xiyarın, pomidorun, göyərtinin, bibərin, badımcanın, göy lobyanın, çuğundurun, yerkökünün, sarımsağın, soğanın, kartofun, təzə göbələyin, quru noxudun, bahalaşma isə əsasən yumru düyünün, qarabaşaq və manna yarmasının, mal ətinin, qatılaşdırılmış şəkərli südün, süfrə marqarininin, limonun, bananın, almanın, armudun, mərcinin, təbii balın, müxtəlif içli şokoladlı konfetlərin, çayın, qəhvənin, arağın, pivənin qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Mayda qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1 faiz, əvvəlki ilin eyni ayına nisbətən 101,4 faiz təşkil edib. Cari ilin mayında əvvəlki aya nisbətən ayrı-ayrı qeyri-ərzaq məhsullarından daha çox bahalaşma pambıq parçaların, boyaların, divar kağızlarının, mətbəx üçün oturacaq dəstlərinin, kondisionerlərin, ventilyatorların, qan təzyiqini ölçmək üçün elektron aparatların, minik avtomobilləri üçün şin və amortizatorların, ucuzlaşma isə əsasən kəsilmiş taxtaların, sementin, elektrik çaydanlarının, mobil telefonların qiymətlərində müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. Bu ilin mayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100 faiz, əvvəlki ilin eyni ayına nisbətən 100,4 faiz təşkil edib.