2024-cü ilin yanvar-iyun aylarında Gəncə şəhərində pərakəndə ticarət dövriyyəsi 755,4 milyon manat olub.
Gəncə Şəhər Statistika İdarəsindən FED.az-a verilən məlumata görə, pərakəndə ticarətin 54%-i ərzaq və içkilərin, 46% isə qeyri-ərzaq mallarının payına düşüb.
Belə ki, ilk yarım ildə istehlakçılara 407,2 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 348,2 milyon manatlıq qeyri-ərzaq malları satılıb.
2023-cü ilin yanvar-iyun ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə cüzi artıb, cəmi 0,9 faiz.
Bununla yanaşı, ərzaq və qeyri-ərzaq mallarının satışında ciddi dəyişikliklər var. Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə ərzaq, içki və tütün məmulatlarının atışı 14,2 faiz artıb, qeyri-ərzaq mallarının satışında isə 11,3 faiz azalma var.
Gəncədə ticarətin böyük hissəsi əvvəlki kimi fərdi sahibkarların və bazar-yarmarkaların payına düşür – ticarət müəssisələrinin payı hələ çox aşağıdır. Belə ki, 2024-cü ilin birinci yarısında istehlak mallarının cəmi 19,8 faizi ticarət müəssisələrinin payına düşüb. Ticarətin təqibən 60 faizi fərdi sahibkarların, 20,3 faizi isə bazar və yarmarkaların payına düşüb.
2023-cü ilin yanvar–iyun ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 9,3 faiz, fərdi sahibkarlar üzrə 2,3 faiz azalıb, bazar və yarmarkalarda isə 26,7 faiz artıb.