2023-cü ilin yanvar-oktyabr aylarında əsas kapitala 14 258,0 milyon manat məbləğində vəsait yönəldilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Bu 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 17,1 faiz çoxdur.
Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 20,4 faiz, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 15,4 faiz artıb. İstifadə olunmuş vəsaitin 8 414,6 milyon manatı və ya 59,0 faizi məhsul istehsalı sahələrinə, 5108,0 milyon manatı (35,8 faizi) xidmət sahələrinə, 735,4 milyon manatı (5,2 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilmiş vəsaitlərin 11 031,1 milyon manatını və ya 77,4 faizini daxili vəsaitlər təşkil edib.
Həmçinin yönəldilmiş vəsaitlərin 10 444,4 milyon manatı və ya 73,3 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
Bundan başqa əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların öz vəsaitləri 45,5 faiz, büdcə vəsaitləri 40,8 faiz, əhalinin şəxsi vəsaitləri 6,3 faiz, bank kreditləri 2,5 faiz, sair vəsaitlər isə 4,9 faiz təşkil etmişdir.