2018-ci ilin yanvar-iyul aylarında əsas kapitala yönəldilən vəsaitlərin ümumi məbləği ötən ilin müvafiq dövrünə nisbətən 82,1% artaraq 7 milyard 457 milyon 300 min manat olub.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu vəsaitlərin böyük bir hissəsi - 4 milyard 189 milyon 500 min manatı və ya 56,2%-i sənaye sektoruna yönəldilib.
Əsas kapitala yönəldilən vəsaitlərin həcminə görə ikinci yerdə tikinti sektoru gəlir. Bu sektora ümumi məbləğin 19,6%-i və ya 1 milyard 465 milyon 300 min manatı sərf edilib. Ondan yaşayış evlərinin tikintisinə 580,8 milyon manat yönəldilib.
İlk 7 ayda əsas kapitala yönəldilən vəsaitlərin 3%-i və ya 226,9 milyon manatı isə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılığa yönəldilib. Nəqliyyat və anbar təsərrüfatına yönəldilən vəsaitlər 973,3 milyon manat və ya 13,1% təşkil edib.
Yanvar-iyul aylarında əsas kapitala yönəldilən vəsaitlərin 3% -i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,6 %-i dövlət idarəetməsi və müdafiə, sosial təminat, 1,5 %-i səhiyyə, 1,2 %-i təhsil, 0,9 %-i informasiya və rabitə, hər birində 0,5 % olmaqla ticarət; nəqliyyat vasitələrinin təmiri, inzibati və yardımçı xidmətlərin göstərilməsi, istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 0,2 % -i turistlərin yerləşdirilməsi və ictimai iaşə, hər birində 0,1 % olmaqla maliyyə və sığorta, digər sahələrdə xidmətlərin göstərilməsinə sərf edilib.
2018-ci ilin yanvar-iyul aylarında neft sektoruna 3 milyard 326 milyon 400 min manatlıq vəsait yönəldilib. Qeyri-neft sektorunun inkişafına sərf edilən 4 milyard 131 milyon manatlıq vəsaitin 863,1 milyon manatı qeyri-neft sənayesi sektorunda istifadə edilib.