Cari ilin yanvar-oktyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 34,4 milyard manatlıq, o cümlədən 18,6 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 15,8 milyard manatlıq qeyri-ərzaq malları satılıb.
Eləcə də bax: Azərbaycanda ən çox bahalaşan ərzaq malları – SİYAHI (OKTYABR, 2021)
Dövlət Statistika Komitəsindən FED.az-a bildirilib ki, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 2,9 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,3 faiz, qeyri-ərzaq malları üzrə 3,5 faiz artıb. Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 343,8 manat və ya 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 26,3 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 185,7 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 158,1 manatlıq qeyri-ərzaq malları alıb. Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 54 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 15,4 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6 faizi avtomobil benzini və dizel yanacağının, 5,4 faizi elektrik malları və mebellərin, 2,2 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,9 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,1 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
2020-ci ilin eyni dövrü ilə müqayisədə cari ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə Abşeron-Xızı iqtisadi rayonu üzrə 8,7 faiz, Bakı şəhəri üzrə 3,9 faiz, Mil-Muğan iqtisadi rayonu üzrə 3,9 faiz, Qazax-Tovuz iqtisadi rayonu üzrə 2,5 faiz, Qarabağ iqtisadi rayonu üzrə 2 faiz, Quba-Xaçmaz iqtisadi rayonu üzrə 1,6 faiz, Gəncə-Daşkəsən iqtisadi rayonu üzrə 1,5 faiz, Lənkəran-Astara iqtisadi rayonu üzrə 1,2 faiz, Şirvan-Salyan iqtisadi rayonu üzrə 1,2 faiz, Naxçıvan Muxtar Respublikası üzrə 0,5 faiz, Mərkəzi-Aran iqtisadi rayonu üzrə 0,2 faiz artıb, Şəki-Zaqatala iqtisadi rayonu üzrə 1 faiz, Dağlıq Şirvan iqtisadi rayonu üzrə 2,5 faiz azalıb.