2021-ci ilin yanvar-noyabr aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 186 ölkəsi ilə ticarət edib. Bu dövrdə Azərbaycan 117 ölkəyə məhsul ixrac edib, 173 ölkədən isə ölkəyə məhsul gətirilib.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2021-ci ilin yanvar-noyabr aylarında ölkənin xarici ticarət dövriyyəsi 30 milyvard 746,3 milyon dollar olub.
Ticarət dövriyyəsinin 20 milyard 336,4 milyon dollarını ixrac, 10 milyard 409,9 milyon dollarını isə idxal təşkil edir. Nəticədə 2021-ci ilin yanvar-noyabr dövründə Azərbaycanın xarici ticarətində 9 milyard 926,5 milyon dollarlıq müsbət saldo yaranıb.
2020-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə ölkədən ixrac 10,4 faiz artıb, idxal isə 11,2 faiz azalıb.
2021-ci ilin yanvar-noyabr aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 44,1 faiz, real ifadədə 33,8 faiz artaraq 2 milyard 359,8 milyon dollar təşkil etmişdir.