Dövlət Statistika Komitəsi 2021-ci ildə Azərbaycana yatırılan investisiyalarla bağlı ilkin rəqəmləri açıqlayıb.
FED.az xəbər verir ki, Komitənin məlumatına görə, 2021-ci ildə Azərbaycanda əsas kapitala 16 milyard 127 milyon manat məbləğində vəsait yatırılıb. Bu rəqəm 2020-ci il ilə müqayisədə 900 milyon manat və ya 8,2 faiz azdır.
Qeyd edək ki, ölkəyə yatırılan investisiyalar artıq ardıcıl olaraq ikinci ildir ki, azalır. 2020-ci ildə də ölkəyə yatırımlar 8,3% aşağü düşmüşdü.
Maraqlıdır ki, 2021-ci ildə ölkəyə yatırılan investisiyaların azalması özünü qeyri-neft sektorunda daha ciddi göstərib. Halbuki, son illər hökumət qeyri-neft sektorunun inkişafına çalışır və pandemiya şəraitində keçən 2020-ci ildəki azalmadan (yatırımlar 12,3 azalmışdı) sonra 2021-ci il xüsusilə qeyri-neft sektorunun inkişafı üçün artım ili kimi gözlənilirdi.
Belə ki, 2021-ci ildə 2021-ci ildə Azərbaycanda neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 5,6 faiz azaldığı halda, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi 9,6 aşağı düşüb.
Məhsul istehsalı azalıb
Komitənin məlumatına görə, ölkəyə yatırılan bütün vəsaitlərin 65,3 faizi, yəni 10 milyard 536,7 milyon manat məhsul istehsalı sahələrinə yönəldilib.
2020-ci illə müqayisədə məhsul istehsalına yatırılan vəsaitlər 640 milyon manat və ya 5,7% aşağı düşüb.
İş adamları pulu xidmət sektoruna yatırırlar
2021-ci ildə ölkəyə yatırılan ümumi vəsaitin 4 milyard 560,8 milyon manatı xidmət sahələrinə qoyulub.
2020-ci illə müqayisədə xidmət sektoruna yatırılan investisiyalar 75 milyon manat və ya 1,7% artıb.
Yeri gəlmişkən, xidmət sektorunun ümumi yatırımlarda payı da yüksəlib. Əgər 2020-ci ildə Xidmət sektoruna yatırılan pullar ümumi investisiyaların 26,4%-ni təşkil edirdisə, 2021-ci ildə bu rəqəm 28,3%-ə çatıb.
Evlərin tikintisinə xərclənən pullar kəskin azalıb
Statistika Komitəsinin məlumatına görə, 2021-ci ildə Azərbaycanda mənzillərin tikintisinə 1 milyard 029,5 milyon manat vəsait xərclənib - bütün yatırımların 6,4%-i qədər.
2020-ci illə müqayisədə evlərin tikintisinə yatırılan pullar 338 milyon manat və ya 25% azalıb.
Xarici investisiyalar da azalıb
2021-ci ildə Azərbaycana yatırılan xarici investisiyalar da azalıb. Belə ki, ötən il ölkəyə yatırılan vəsaitlərin 4 milyard 333 milyon manatını xarici yatırımlar təşkil edib. Bu ümumi vəsaitlərin 26,9%-i qədərdir.
2020-ci ildə isə xarici investisiyalar 5 milyard 117 milyon manat təşkil etmişdi və xarici investisiyalar bütün yatırımların 30%-dən artıq idi.
Nəticədə 2021-ci ildə Azərbaycana xarici investisiyalar 784 milyon manat və ya 15% azalıb.