2018-ci ilin yanvar-avqust aylarında Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsi 666,8 milyon dollar olub. Gürcüstan Milli Statistika Xidmətindən verilən məlumata görə, bu göstərici ilə Azərbaycan qonşu ölkənin xarici ticarət tərəfdaşları sırasında 4-cü yerdədir.
FED.az Azrtac-a istinadla xəbər verir ki, Gürcüstan yanvar-avqust aylarında ən çox Azərbaycandan mal idxal edib (367,9 milyon dollar). İxracat isə 298,9 milyon dollar olub.
Gürcüstanın xarici ticarət tərəfdaşları sırasında birinci yerdə 1,1 milyard dollarla Türkiyə, ikinci yerdə 879,8 milyon dollarla Rusiya, üçüncü yerdə isə 727,3 milyon dollarla Çin qərarlaşıb.
Ümumilikdə isə bu ilin yanvar-avqust aylarında Gürcüstanın xarici ticarət dövriyyəsi 2017-ci ilin eyni dövrü ilə müqayisədə 22,6 faiz artaraq 8,1 milyard ABŞ doları təşkil edib.
Hesabat dövründə ölkənin ixracatı 27,1 faiz artaraq 2,1 milyard dollar, idxalatı isə 21 faiz artaraq 6 milyard dollar olub. Ticarət dövriyyəsində mənfi saldo 3,3 milyard dollar təşkil edib.
2018-ci ilin 8 ayında Gürcüstan ən çox mis filiz və konsentrat ixrac edib - 319,1 milyon dollar.
Hesabat dövründə ən çox idxal edilən məhsullar isə neft və neft məhsullarıdır. Bunun idxal həcmi 576,9 milyon dollara çatıb.
Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 666,8 milyon dollar olub
21:32
20 Sen 2018