Azərbaycanda noyabr ayında mal və qoyun ətinin qiymətləri düşüb.
Eləcə də bax: Azərbaycanda balıq məhsulları - Bahalaşıb
FED.az Banker.az-a istinadən xəbər verir ki, noyabr ayı ərzində bir kiloqram sümüklü mal ətinin qiyməti 10.74 manatdan 10.71 manata düşüb. Bu da son bir ayda 0.3% ucuzlaşmadır. Eləcə də sümüksüz mal ətinin qiyməti 12.55 manatdan 12.52 manata qədər azalmışdır ki, bu da aylıq 0.2% ucuzlaşmadır. Lakin illik müqayisədə sümüklü mal ətinin istehlak qiyməti 1.02% bahalaşmış, sümüksüzün isə 0.5% ucuzlaşıb.
İstehlak qiymətlərindəki aylıq ucuzlaşma qoyun ətində də baş verib. Qoyun ətinin qiyməti noyabrın əvvəlində 11.97 manat olduğu halda, sonuna 11.92 manat olmuşdur. Bu da 30 gün ərzində 0.4% ucuzlaşma deməkdir. Ötən ilin noyabrında qoyun ətinin qiyməti 11.34 manat/kq təşkil edirdi. Bu barədə Dövlət Statistika Komitəsi məlumat verib.
Bununla belə noyabr ayında mal ciyərinin bir kiloqramının qiyməti 6.74 manatdan 6.73 manata düşmüş, farsın qiyməti 10.14 manatdan 10.16 manata, yerli istehsal olan sosiskanın qiyməti 10.04 manatdan 10.06 manata yüksəlmişdir.
Kolbasa və digər hisə verilmiş ət məmulatlarının qiyməti noyabrda stabil qalıb.