Dövlət Statistika Komitəsinin məlumatına görə, 2020-ci ildə istehlak qiymətləri indeksi 2019-cu ilə nisbətən 102,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 105,0 faiz, qeyri-ərzaq məhsulları üzrə 101,3 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 101,0 faiz təşkil etmişdir.
Eləcə də bax: Ötən il pərakəndə ticarət dövriyyəsinin dəyəri - 1,3% Azalıb
FED.az xəbər verir ki, 2020-ci ilin dekabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,8 faiz, əvvəlki ilin dekabr ayına nisbətən 102,6 faiz təşkil etmişdir.
2020-ci ilin dekabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,8 faiz, əvvəlki ilin dekabr ayına nisbətən 104,5 faiz təşkil etmişdir.
Ötən ilin dekabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma unun, qarabaşaq yarmasının, makaronun, spagettinin, təzə balığın, pasterizə olunmamış üzlü südün, yoqurtun, brınza pendirinin, yumurtanın, günəbaxan və qarğıdalı yağlarının, bananın, armudun, heyvanın, narın, xurmanın, üzümün, qozun, fındığın, xiyarın, bibərin, badımcanın, çuğundurun, göy lobyanın, kartofun, soğanın, sarımsağın, şəkərin, şəkər tozunun, meyvə şirəsinin, ucuzlaşma isə əsasən mal ətinin, dondurulmuş balığın, limonun, portağalın, naringinin, almanın, kivinin, şabalıdın, pomidorun, yerkökünün qiymətlərində müşahidə olunmuşdur. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.
2020-ci ilin dekabr ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1 faiz, əvvəlki ilin dekabr ayına nisbətən 101,2 faiz təşkil etmişdir.
2020-ci ilin dekabr ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,0 faiz, əvvəlki ilin dekabr ayına nisbətən 101,1 faiz təşkil etmişdir. (Marja)