2023-cü ilin yanvar-aprel aylarında Azərbaycanda 1,259 ədəd minik avtomobili istehsal edilib ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 77,3% çoxdur.
Azərbaycana elektromobillərin idxalı - 6 DƏFƏDƏN ÇOX ARTIB
FED.az-a bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yanvarda - 195, fevralda - 261, martda - 469, apreldə - 334 ədəd avtomobil istehsal edilib.
1 may 2023-cü il tarixinə anbarlarda 877 ədəd minik avtomobili var (1 yanvar 2023-cü ilə - 270).
Yanvar-aprel aylarında Azərbaycanda 293 ədəd traktor (artım 73,4%) istehsal edilib. 2023-cü il mayın 1-nə anbarlarda 13 ədəd traktor var.
Bundan başqa, yanvar-aprel aylarında 145 ədəd yük avtomobili (artım 52,6%) istehsal edilib. 2023-cü il mayın 1-nə anbarlarda 9 ədəd yük avtomobili var. Apreldə yük avtomobilləri istehsal olunmayıb.
Azərbaycanda (Neftçala, Gəncə və Naxçıvanda) avtomobil istehsalı üzrə 3 zavod fəaliyyət göstərir. Eyni zamanda, Gəncə avtomobil zavodunda kənd təsərrüfatı texnikası da istehsal olunur.
Ortamüddətli perspektivdə Azərbaycanda avtomobil istehsalının ildə 5 min ədədə çatdırılması nəzərdə tutulur.
Xəbər verildiyi kimi, 2022-ci ildə Azərbaycanda 2049 ədəd minik avtomobili istehsal edilib ki, bu da 2021-ci ilin göstəricisindən 1,4% azdır. (İnterfaks-Azərbaycan)