Bu ilin ilk 10 ayında Azərbaycana Rusiyadan 14 milyon 921 min dollar dəyərində 128 min 608 baş diri qoyun idxal edilib.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, Rusiyadan diri qoyun idxalı ötən ilin eyni dövrü ilə müqayisədə kəskin şəkildə artıb. Artım dəyər ifadəsilə 13,7 milyon dollar və ya 12,3 dəfə, miqdar ifadəsilə isə 116 min 778 baş, başqa sözlə 10,9 dəfə təşkil edib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-oktyabr ayları ərzində Rusiyadan cəmi 1 milyon 212 min dollar dəyərində 11 min 830 baş diri qoyun idxal olunmuşdu.
Bu ilin ilk 10 ayının nəticələrinə görə Rusiyadan idxal edilən bir baş qoyunun orta idxal qiyməti 116 dollar (təxminən 197 manat) təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 102,5 dollar (təxminən 174 manat) idi. Bu da illik müqayisədə 13,5 dollar (23 manat) və ya 13,2% bahalaşma deməkdir.
Bu kəskin artım nəticəsində Rusiyanın Azərbaycanın diri qoyun idxalındakı payı ötən ilki cüzi həddən bu il sayca 44,5%-ə, dəyərcə isə 47,5%-ə yüksəlib və ölkə ikinci ən böyük tədarükçüyə çevrilib.










