2023-cü ilin yanvar-mart aylarında Azərbaycan 93,617 min ton mineral gübrə ixrac edib ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 17,2% çoxdur.
Rusiyanın “FosAqro” şirkəti Azərbaycana maye kompleks gübrə - TƏDARÜKÜNƏ BAŞLAYIB
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
İxrac olunmuş mineral gübrələrin ümumi dəyəri $27 milyon 392,7 min (azalma 48,5%) təşkil edib.
Bundan başqa, yanvar-mart aylarında Azərbaycana $14 milyon 260,1 min dəyərində (artım 34,4%) 21,882 min ton mineral gübrə (artım 40,9%) idxal edilib.
Azərbaycanda mineral gübrə istehsalı ilə SOCAR-ın Karbamid Zavodu məşğul olur.
Zavod 2019-cu il yanvarın 16-da istismara verilib və həmin ilin iyun ayında karbamid ixracına başlayıb. Müəssisə ammonyak, maye və dənəvər karbamid istehsalı bölmələrindən ibarətdir, gündəlik istehsal gücü 1,2 min ton ammonyak və 2 min ton karbamiddir. Zavodun karbamid ixracından illik gəliri $160 milyon məbləğində proqnozlaşdırılır.
Zavodun tikintisinin ümumi dəyəri 780 milyon avro təşkil edib. Bu məbləğdən 197 milyon avro Azərbaycanın dövlət büdcəsindən ayrılan vəsaitin, 500 milyon avro borc vəsaitin, 80-85 milyon avro isə SOCAR-ın tikinti zamanı öz vəsaiti hesabına büdcəyə ödədiyi vergi və digər ayırmaların payına düşüb. (İnterfaks-Azərbaycan)