Bu ilin yanvar-mart ayları ərzində yük və sərnişin daşımaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 4,7 faiz və 6,9 faiz artıb. Nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 54,6 milyon ton yük daşınıb. Yüklərin 3,5 faizi dəniz, 8,2 faizi dəmir yolu, 0,2 faizi hava, 55,7 faizi avtomobil nəqliyyatı, 32,4 faizi isə boru kəməri ilə daşınıb.
Bakı hava limanında bu il sərnişin axını 38% artıb - FOTO
FED.az Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınan yüklərin həcmi 5,3 faiz artıb.
Məlumata görə, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 76,4 faiz təşkil edib. Bu ilin 3 ayı ərzində nəqliyyatçılar 452,9 milyon sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 87,6 faizi avtomobil nəqliyyatı, 11,8 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.
Dəmir yolu nəqliyyatı ilə cari ilin yanvar-mart aylarında 4,5 milyon ton yük, 1881,3 min sərnişin daşınıb.
Qeyd edilib ki, ötən ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 0,3 faiz, sərnişin daşınmasında isə 24,6 faiz artım müşahidə olunub. Orta hesabla sutkada 355 vaqon yüklənib, 416 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 16,3 min ton, Qərb istiqaməti üzrə 3,4 min ton, Cənub istiqaməti üzrə isə 0,9 min ton yüklənmə işi yerinə yetirilib.
Dəniz nəqliyyatı ilə bu ilin yanvar-mart aylarında daşınıb yüklərin həcmi 1935,8 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,1 faiz artıb. Yüklərin 49,6 faizini neft yükləri təşkil edib. Dəniz limanları tərəfindən 3319,8 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 2677,0 min tonunu və ya 80,6 faizini tranzit yüklər təşkil edib.
2024-cü il aprel ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 197,5 min ton olub. Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2023-cü ilin müvafiq dövrünə nisbətən 31,9 faiz artaraq 6,2 min nəfər olub.
Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 30,4 milyon ton yük, 396,7 milyon sərnişin daşınıb. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 7,2 faiz və 7,5 faiz artım qeydə alınıb. Sərnişinlərin 95,3 faizi avtobus, 4,7 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Yük dövriyyəsi 9,4 faiz, sərnişin dövriyyəsi isə 8,3 faiz artıb.
Metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 1,6 faiz artaraq 53,5 milyon nəfər olub.
Hava nəqliyyatı ilə 782,1 min və ya 45,1 faiz çox sərnişin daşınıb. Qeyd edək ki, daşımaların 99,9 faizi dövlət, 0,1 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib. Bu nəqliyyat növü ilə yükdaşıma 13,0 faiz artaraq 94,5 min ton olunub.