Cari ilin yanvar-mart aylarında Heydər Əliyev Beynəlxalq Aeroportunda sərnişin axını əhəmiyyətli dərəcədə artıb. Belə ki, bu dövrdə hava limanı 1,464 milyondan çox sərnişinə xidmət göstərib ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 38,2% çoxdur. Bu rəqəm həmin müddət ərzində 1,058 milyon təşkil edib.
Heydər Əliyev Beynəlxalq Aeroportundan FED.az-a verilən məlumata görə, hesabat dövründə 39 aviaşirkət, onlardan 15-i aşağıbüdcəli (loukoster) olmaqla, 12,378 min reys yerinə yetirilib. Beynəlxalq marşrutlarda 2023-cü ilin yanvar-mart ayları ilə müqayisədə 43,5% çox – 1,319 milyon sərnişin daşınıb. 656 min sərnişinə xarici aviaşirkətlər, 662 min sərnişinə isə milli aviadaşıyıcı xidmət göstərib. İlin əvvəlindən Naxçıvan istiqamətində 144 mindən çox sərnişin daşınıb.
Sərnişinlər arasında ən populyar beynəlxalq istiqamətlər isə İstanbul, Abu Dabi, Tbilisi, Dubay və Moskva şəhərləri olub. Mühüm nailiyyətlərdən biri də 2024-cü ilin ilk 3 ayında Bakı hava limanında tranzit sərnişinlərin sayının artmasıdır. Ötən illə müqayisədə tranzit sərnişinlərin sayı 82,7% artaraq 72 min nəfərdən çox olub.
Qeyd edək, ki Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişinlərə və ziyarətçilərə yüksək səviyyədə xidmət və rahatlığı təmin etməklə regionun əsas nəqliyyat qovşağı kimi mövqeyini möhkəmləndirməkdə davam edir.