Azərbaycanda ilk dəfə olaraq səyahətlərin paylaşılması və “yol yoldaşlığı” təcrübəsini tətbiq edən mobil proqram hazırlanır.
Torpaqların suvarılması üçün yeni üsul tapıldı – 1 HEKTARA 40 KQ LAZIMDIR – YENİ LAYİHƏ
FED.az xəbər verir ki, bu Avropada geniş istifadə olunan belə proqramın Azərbaycandakı yeganə yaradıcısı “Yol yoldaşı” MMC-dir. Bu yaxınlarda Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən “Startap” şəhadətnaməsi almış proqram tezliklə “App Store” və “Google Play” platformalarında tam istifadəyə veriləcək.
“Yol yoldaşı” MMC-nin direktoru Kamal Bağzıbağlının dediyinə görə, bu mobil proqram Azərbaycanın şəhərlərarası səyahət təcrübəsini kökündən dəyişməyi hədəfləyir. Ölkəmizin hər bir bölgəsinə iqtisadi və sosial töhfə vermək üçün nəzərdə tutulmuş bu innovativ platforma istifadəçilərinə bir sıra üstünlüklər təqdim edir. İstifadəçilərə sərnişindaşıma, başqa sözlə, “yol yoldaşlığı” və yükdaşıma xidmətləri təklif edən bu etibarlı və qənaətcil platforma eyni marşrut üzrə səyahət etmək istəyənlərə yoldaşlıq edəcək, onların bir-biri ilə əlaqə saxlamasına və sorğularının cavablandırılmasına imkan verəcək.
“Yol yoldaşı” proqramından əsasən şəxsi avtomobilləri ilə uzaq məsafələrə səyahət edən və yol xərclərini bölüşmək istəyən şəxslər faydalana bilərlər. Tətbiq təkcə kiçik avtomobil sürücüləri üçün deyil, eləcə də yük daşıya bilən nəqliyyat vasitələrinin sahibləri üçün xidmətlər təklif edir. Müxtəlif ölçüdə, çəkidə və növdə yük daşıya bilən kiçik və ya iri nəqliyyat vasitələrinin sahibləri “Yol yoldaşı” vasitəsilə şəhərlərarası səyahət məlumatlarını paylaşa bilərlər. Yük göndərmək istəyənlər də eyni şəkildə platformada ehtiyac duyduqları marşrut üzrə yük maşınının olub-olmadığını görəcəklər.
Tətbiq ən müasir proqram təminatı texnologiyasına malikdir və ondan faydalanmaq istəyən istifadəçilərin sayı ilə bağlı heç bir məhdudiyyət yoxdur.
Startapçı hesab edir ki, “Yol yoldaşı” Azərbaycanın hər bir guşəsinə çıxışı asanlaşdırmaqla şəhərlərarası səyahətə müasir struktur gətirir: “İstifadəçilər istənilən yerdən istədikləri yerə etibarlı və rahat səyahət edə bilərlər. Bu, işgüzar səfərlər, tətil planları və ailə ziyarətləri kimi fəaliyyətləri daha əlçatan edir. Nəqliyyat vasitələrinin tutumundan ən yaxşı şəkildə istifadə etməyə şərait yaradan “Yol yoldaşı” fərdi avtomobillərin istifadəsini minumuma endirməklə ətraf mühitin çirklənməsinin qarşısını almağa və karbon qazı emissiyalarının azaldılmasına töhfə verir. Səyahətlər sayəsində insanlar müxtəlif bölgələri özləri üçün yenidən kəşf edə, mədəni təcrübə mübadilələri apara bilərlər. Platformanın əsas xüsusiyyətlərindən biri etibarlılıq və əməkdaşlıqdır. İstifadəçilər digər sərnişinlərin və yükgöndərənlərin profillərini nəzərdən keçirə, rəyləri oxuya və xidmətlərin etibarlılığını qiymətləndirə bilərlər. Bu şəkildə səyahətlər daha təhlükəsiz və məmnuniyyətlə həyata keçirilir. Sərnişinlərin proqram vasitəsilə səyahətləri ilə bağlı məlumatları paylaşması, bir-biri ilə ünsiyyət qurması və rəy və təkliflər verməsi mümkündür. Onlar proqram vasitəsilə sürücülərin də uşaq, baqaj və ya ev heyvanı daşıya bilmə imkanlarının olub-olmadığını asanlıqla araşdıracaqlar”.
K.Bağzıbağlı deyib ki, inteqrasiya edilmiş hərtərəfli xəritə xüsusiyyəti sayəsində sürücülər və sərnişinlər bir-birlərinin yerlərini asanlıqla və dəqiq müəyyən edəcəklər. Tətbiqin Azərbaycan, rus və ingilis dillərində olması istifadəçi bazasının daha da genişləndirilməsinə imkan yaradacaq. Sərnişinlər və yükgöndərənlər proqramdan pulsuz istifadə edəcəklər. Bu güzəşt ilk 3 ayda sürücülər üçün də keçərlidir, onlar daha sonra sabit məbləğli aylıq və ya illik abunə haqqı, yaxud səyahət qiymətindən komissiya haqqı ödəmək variantlarından birini seçməlidirlər. Sürücülər, həmçinin, öz gəzinti reklamlarını daha yüksək səviyyəyə çatdırmaq üçün premium istifadəçi olmaq seçimindən yararlanacaqlar.
Şirkət direktorunun sözlərinə görə, yaxın gələcəkdə ölkə üzrə təqdim ediləcək “Yol yoldaşı”nı bütün bölgələrdən olan vətəndaşlar və ya sürücülər pulsuz yükləyərək istifadəyə edə biləcəklər. Platforma Türkiyə, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Türkmənistan da daxil olmaqla geniş bir coğrafiyada yayılma potensialına malikdir: “Tələb olunan sərmayənin miqdarı layihənin həcmindən asılı olaraq dəyişir. Proqramımızın hərtərəfli texniki-iqtisadi əsaslandırması var. Təhlil edilən ssenarilər üzrə aparılan hesablamalar göstərir ki, layihəmiz qısa müddətdə gəlirli olacaq”. (Vergiler.az)