Azərbaycanda kənd təsərrüfatı torpaqlarının suvarılması və su ehtiyatlarından səmərəli istifadəsi ilə bağlı yeni üsul tapılıb.
Dünyada bir ilk: azərbaycanlı startapçı parçalana bilən torpaq əlavəsi hazırlayıb
FED.az xəbər verir ki, söhbət torpaqlara suyu özündə saxlayan yeni maddənin - nəm tutucu materialın qatılmasından gedir.
Kənd təsərrüfatında fermerlərin əsas qayğılarından biri də su problemidir. Özü də məsələ təkcə suyun qıtlığından getmir. Bəzən həddən artıq suyun olması da əkinə problem yaradır. İş o yerə çatır ki, su problemi olan yerlərdə fermerlər əkdikləri məhsulun bəhrəsindən çox ziyanını görürlər.
Elə əkin sahələri də var ki, onlar dəmyə ərazilərdir – yəni yağışın hesabına suvarılır. Yağış yağmayanda və ya gec yağanda problemlər özünü hər tərəfli mənada göstərir.
Ümumilikdə su probleminin qarşısını almaq üçün ilk növbədə ondan qənaətlə istifadə etmək lazımdır. Çünki su problemi ümumilikdə dünyada geniş yayılıb, Azərbaycan isə dünyada ən böyük su problemi olan 10 ölkədən biridir.
FED.az xəbər verir ki, bu problemlərin həlli üçün Azərbaycanlı startapçı Malik Sultanov dünya təcrübəsində ilk dəfə olaraq, kənd təsərrüfatında istifadə məqsədilə bioloji cəhətdən parçalana bilən torpaq əlavəsi hazırlayıb.
Bakı Ali Neft Məktəbində təhsil alan, ixtisasca neft mühəndisi olan M.Sultanov kənd təsərrüfatı üçün torpaqda nəmtutucu materialın istehsalı və satışına görə Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) “Startap” şəhadətnaməsi alıb.
Onun hazırladığı məhsul, yəni nəmtutucu material - bioloji cəhətdən parçalan bilən torpaq əlavəsidir. Məhsul kənd təsərrüfatında quraqlıqdan əziyyət çəkən əkin sahələrində, o cümlədən bütün növ bitki və ağaclarda istifadə oluna bilər. Yeniliyin prinsipi ondadır ki, bu maddə suvarma zamanı itkiyə gedən artıq suyu özündə toplayır, bitkinin ehtiyacı olduqda isə suyu yenidən torpağa qaytarır.
İtkiyə gedən su nə deməkdir?
Məlum olduğu kimi, suvarma zamanı və ya sadəcə güclü yağışlarda bitki suyun müəyyən hissəsini mənimsəyir, suyun qalan hissəsi isə torpağın dərinliyinə gedir. Yəni suyun həmin hissəsi bitki tərəfindən istifadə olunmur və faktiki olaraq itirilir. Yeni hazırlanan material isə bir süngər kimi itkiyə gedəcək suyu depolamaq qabiliyyətinə malikdir. Startapçı iddia edir ki, yeni materialın imkanları böyükdür, o öz çəkisindən 250-300 dəfə daha çox suyu toplaya bilir.
Malik Sultanovun sözlərinə görə, nəmtutucu məshul normalda toz halındadır və torpağa şum vaxtı səpilir. Suyu özünə çəkəndən sonra isə gel formasına düşür.
Bəs bitkiyə su nə vaxt verilir?
Bitkinin suya ehtiyacı olduğu zaman torpaqda temperatur artır, torpaqdakı nəm nisbəti azalır, bu zaman məhsulun tərkibindəki su geriyə verilir və bitki həmin sudan faydalanır. Bu proses il ərzində davamlı olaraq təkrarlanır. Beləliklə suvarmaya tələbat aşağı düşür və fermer suya qənaət edir.
Staptapçının sözlərinə görə, fermerlər bu məhsuldan ən çox quraqlıq ərazilərdə, dəmyə əkinçiliyində, növbəli suvarma olan ərazilərdə istifadə edə bilərlər. Çünki məhsul özündə həm yağış suyu, həm də suvarma suyunu toplamaq qabiliyyətinə malikdir. 1 hektar əraziyə 40 kq belə materialdan istifadə kifayət edir.
Malik Sultanovun sözlərinə görə, belə məhsullar dünya praktikasında da istifadə olunur, lakin hələlik kənd təsərrüfatında tətbiq edilməyib, səbəbi bu materialların əksəriyyətinin polimerlərdən hazırlanmasıdır: «Bu materialların bir çoxu polimer əsaslıdır. Polimer isə torpağın altında uzun müddət parçalanmadan qala bilir. Bizim məhsulun digər məhsullardan əsas fərqi isə bioloji cəhətdən tamamilə parçalana bilməsidir. Bu xüsusiyyət də bizə bu məhsulu kənd təsərrüfatında istifadə etməyə imkan verir. Biz fərqli materaillardan istifadə edərək tamamilə parçalana bilən məhsul versiyasını ərsəyə gətirmişik».
Kənd təsərrüfatı üçün nəmtutucu materialın yaranma ideyası 2022-ci ilin noyabrına gedib çıxır: «Biz bir konfransda iştirak etmişdik, orada 60 min hektardan çox çox ərazinin quraqlıqdan əziyyət çəkməsi və 30 min hektar ərazidən isə məhsul götürülməsinin mümkün olmadığı ilə bağlı statistik məlumatı görəndən sonra bizdə bunun çox ciddi bir problem olduğunu anladıq. Qərara gəldik ki, laboratoriyada işləyərək belə bir məhsul hazırlayaq. Hidrogellərin işləmə prinsipi ilə bağlı müəyyən anlayışımız var idi. Nəticədə bunu biloji parçalanan edərək kənd təsərrüfatında tətbiq edə bilərdik».
Startapın əsas faydası suya qənaət və fermerlərin yüksək məhsul götürməsi, ziyan etməməsinə kömək etməsidir.
Malik Sultanovun sözlərinə görə, hazırda bu layihə test mərhələsindədir və gəlir gətirmir, çünki hələlik şirkət satışlara başlamayıb. Amma ilk addımlar var, məsələn Əkinçilik Elmi Tədqiqat İnstitutunda bu məhsul sınaqdan keçirilib və effektivliyi, o cümlədən toksiki olmaması müəyyən edilib: «Hazırkı dövrdə ilk planımız lisenziyanı alıb istehsala başlamaqdır»-deyə startapçı bildirir.
Üumilikdə bu layihənin bir neçə yüz min dollara başa gələcəyi planlaşdırılır. Layihəyə hələ investor cəlb edilməsə də, ilkin mərhələdə işləri apara bilmək üçün 150-300 min dollar investisiya tələb olunur. Bununla bağlı investorların cəlb olunması işlərinə başlanılıb, amma satış olmadığı üçün investorlar yatırım etmir.
M.Sultanov bildirib ki, KOBİA-dan layihə üçün aldıqları 19900 manat məbləğində qrant hesabına artıq işlərin bir çoxu görülüb.
Artıq layihənin tərəfdaşı da var - Gürcüstanın “December-32” şirkəti müqavilə imzalama mərhələsindədirlər.
O qeyd edib ki, məhsulun sərgilərdə təqdim edilməklə müştərilərə çıxışı planlaşdırılır:
«Hazırda startapdan istifadə edənlər yoxdur, lakin bizim gözləmədə olan müştərilərimiz var. Onlar da sərgilərdə bizim məhsullarla tanış olublar və məhsul hazır olduqdan sonra ilk müştəri olmaq istəyirlər. 20-yə yaxın belə müştəri var və onların əlaqə vasitələri bizdədir».
Malik Sultanov onu da əlavə edib ki, hələlik məhsulun dəqiq qiyməti məlum deyil: «Kütləvi istehsala keçmədiyimiz üçün maya dəyərin müəyyən edib dəqiq qiymət çıxara bilmirik, amma qiymətlər fermerlərin əldə biləcəyi və yüksək olmayan qiymət olacaq».