Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində tələbə startapçılar və innovativ ideya müəllifləri ilə görüş keçirilib. Naxçıvan İnnovasiya Mərkəzində keçirilən tədbirdə əsas məqsəd startap ekosisteminin inkişafına töhfə vermək, gənclərin innovativ ideyalarını dəstəkləmək, onları rəqəmsal sahibkarlığa cəlb etmək olub.
Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən FED.AZ saytına verilən məlumata əsasən, görüşdə universitetin müəllim və tələbələri, gənc təşəbbüskarlar, müxtəlif sahələr üzrə innovativ layihə müəllifləri, eləcə də Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin struktur bölmələrinin və tabeliyində fəaliyyət göstərən qurumların nümayəndələri və Rəqəmsal könüllülər iştirak ediblər.
Universitetin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Nicat Yaqubov çıxışında bildirib ki, müasir dövrdə innovativ düşüncə, rəqəmsal bacarıqlar və texnoloji biliklər gənclərin uğur qazanmasında əsas amillərdəndir. Onun sözlərinə görə, universitetdə tələbələrin yalnız nəzəri biliklərlə kifayətlənməsi deyil, həm də onların elmi, innovativ və yaradıcı fəaliyyətə cəlb olunması prioritet istiqamətlərdən biridir. O qeyd edib ki, universitet rəhbərliyi tələbələrin ideyalarının layihəyə, daha sonra isə uğurlu biznes modelinə çevrilməsi üçün davamlı şəkildə iş aparır, müxtəlif təlimlər, mentorluq proqramları və layihə dəstəyi həyata keçirilir.
Nicat Yaqubov əlavə edib ki, bu istiqamətdə daha geniş imkanların yaradılması məqsədilə may ayında Nazirlik və universitetin birgə təşkilatçılığı ilə xüsusi startap müsabiqəsinin keçirilməsi planlaşdırılır. Bildirilib ki, həmin müsabiqə gənclərə öz layihələrini daha geniş auditoriyaya təqdim etmək, peşəkar münsiflərdən rəy almaq və gələcək inkişaf üçün dəstək qazanmaq imkanı verəcək.
Nazirliyin Aparat rəhbəri Əziz Hümbətzadə isə vurğulayıb ki, startap müsabiqələri yalnız ideyaların yarışdığı platforma deyil, eyni zamanda gənclərin potensialını üzə çıxaran, onların yaradıcılıq və təşəbbüskarlıq qabiliyyətlərini inkişaf etdirən mühüm bir mühitdir. Onun sözlərinə görə, startap anlayışı artıq yalnız biznes qurmaq mənasını daşımır. Startap dedikdə qısa müddətdə böyük təsir yarada bilən, cəmiyyətin qarşısında duran problemlərə innovativ həll təklif edən ideyaların reallığa çevrilməsi nəzərdə tutulur.
Bildirilib ki, müasir dünyada rəqabət ideyalar üzərində qurulur. Texnologiya sürətlə dəyişir. Amma dəyişməyən bir həqiqət var: güclü millət güclü düşüncədən və vətəninə bağlı gənclərdən formalaşır. Bu gün burada təqdim olunan hər bir layihə, əslində, ölkəmizin sabahına qoyulan bir sərmayədir.
Tədbir zamanı iştirakçılar tərəfindən ümumilikdə 10-a yaxın layihə təqdim edilib. Layihələr müxtəlif istiqamətləri əhatə edib və əsasən ağıllı şəhər, ağıllı nəqliyyat, tibb, səhiyyə, kənd təsərrüfatı, rəqəmsal xidmətlər və sosial innovasiya sahələrinə yönəlib. Təqdim olunan layihələr arasında şəhər infrastrukturunun daha səmərəli idarə olunması, nəqliyyat axınının optimallaşdırılması, kənd təsərrüfatında rəqəmsal texnologiyaların tətbiqi, tibbi xidmətlərin daha əlçatan və operativ təşkili kimi mövzular üstünlük təşkil edib.
Layihələrin təqdimatından sonra aidiyyəti şəxslər tərəfindən hər bir təşəbbüs barədə ətraflı rəy və təkliflər səsləndirilib. Təqdim olunan ideyaların innovativliyi, praktik tətbiq imkanları, gələcək inkişaf perspektivləri və reallaşdırılması üçün tələb olunan resurslar müzakirə olunub.
Görüşdə xüsusi olaraq vurğulanıb ki, gənclərin rəqəmsal bacarıqlarının artırılması, innovativ təşəbbüslərinin stimullaşdırılması və onların startap mühitinə inteqrasiyası muxtar respublikada rəqəmsal iqtisadiyyatın inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.





![Naxçıvanda tələbə startapçılarla görüş keçirilib - [red]FOTOLAR[/red] | FED.az](upload/news/small/3407409.jpeg)
![Naxçıvanda tələbə startapçılarla görüş keçirilib - [red]FOTOLAR[/red] | FED.az](upload/news/small/3754211.jpeg)
![Naxçıvanda tələbə startapçılarla görüş keçirilib - [red]FOTOLAR[/red] | FED.az](upload/news/small/512689.jpeg)
![Naxçıvanda tələbə startapçılarla görüş keçirilib - [red]FOTOLAR[/red] | FED.az](upload/news/small/3555642.jpeg)
![Naxçıvanda tələbə startapçılarla görüş keçirilib - [red]FOTOLAR[/red] | FED.az](upload/news/small/634329.jpeg)








