Azərbaycanda bir neçə ay əvvəl yaradılmış yük avtomobillərinin axtarışı - yük sahibləri ilə avtomobil sürücülərini əlaqələndirən «A Truck» startapı ABŞ bazarında da işləyəcək.
Eləcə də bax: "250 min dollar investisiya yatırmışıq, indi dəyəri 23 milyon dollardır"
Xatırladaq ki, yük avtomobilləri üçün «Uber»i xatırladan «A Truck» startapı yük sahşibləri, sifarişçilər və avtoimoqbil sahiblərini kənar vasitəçilər olmadan bir-biri ilə əlaqələndirir.
FED.az xəbər verir ki, «A Truck» şirkətinin təsisçisi və direktoru İlqar Tağıyev bildirib ki, artıq startapın ABŞ bazarında da fəaliyyət göstərməsi üçün danışıqlar başlayıb və ABŞ şirkətləri ona byöük maraq göstəriblər.
Amerika şirkətləri ilə müzakirələr şirkət rəhbərliyinin ABŞ-a səfəri zamanı aparılıb. «İyun ayında ABŞ-da səfərdə olduq, təqribən 10 gün davam edən səfər zamanı Amerikanın yük daşımaları, o cümlədən TIR avtomobillərlə daşımalar bazarını araşdırdıq. Ölkədə böyük bazar və startapımız üçün geniş imkanlar var».
Qeyd edək ki, ABŞ-da avtomobillə yük daşımaları geniş inkişaf edib. Dəmiryolu şəbəkəsi o qədər də inkişaf etmədiyindən yüklərin əsas hissəsi məhz avtomobillərlə daşınır: «Buna görə də yük avtomobilləri ilə daşıma sənayesi yaxşı inkişaf edib və böyük qüvvəyə malikdir. Hətta ABŞ-ın demək olar ki, bütün ştatlarında Yük Avtomobilləri Assosiasiyaları var və onlar böyük təsir gücünə malikdirlər».
Səfər zamanı «A Truck» startapının rəhbərliyi bir neçə ABŞ şirkəti, eləcə də bu ölkədə avtomobillə daşımalar sahəsində fəaliyyət göstərən azərbaycanlı iş adamları ilə də danışıqlar aparıb: «Bu görüşlər bizim startapın ABŞ bazarına daxil olmasına böyük dəstək oldu, artıq bu istiqamətdə işlər başlayıb».
İ.Tağıyevin sözlərinə görə, ABŞ-da bu tip, yəni yük sahibləri və avtomobillərini əlaqələndirən bir neçə layihə olsa da, onlar «A Truck» qədər təkmil və əlverişli deyil, bunu ABŞ-da keçirilən görüşlərdə yük avtomobilləri şirkətlərinin nümayəndələri də bildirib.
«ABŞ-da bu sahədə 4 platforma fəaliyyət göstərsə də, bizim təqdim etdiyimiz layihə daha rahat olduğuna görə Amerikada bir neçə şirkət dərhal maraq göstərdi. Artıq əməkdaşlığın qurulması işlərində fəaliyyətə başlamışıq».
«A Truck» şirkətinin rəhbərliyi ABŞ səfərində ABŞ-da Azərbaycan Ticarət Palatasının rəhbərliyi ilə də görüş keçirib: «İcraçı direktor Natiq Baxışovla görüş zamanı bizə bazara daxil olmağımızla bağlı faydalı məsləhətlər verildi, dəstək göstərildi». Bu təşkilat ABŞ bazarında Azərbaycan şirkətlərinin məhsullarının və xidmətlərinin təqdim edilməsində maraqlıdır, bu baxımından iş birliyimiz alınacaq».
Qeyd edək ki, «A Truck» layihəsi ilkin olaraq «Telegram» sosial şəbəkəsi üzərində fəaliyyətə başlayıb, yaxın vaxtlarda eyni layihə «Whatsapp» sistemində də işə düşəcək. Layihədən faydalanmaq üçün potensial yük sahibləri və avtomobillə daşıma xidməti göstərən şəxslər «Telegram» sosial şəbəkəsi üzərində yaradılmış «A Truck» botda (https://t.me/atruck_bot) qeydiyyatdan keçməlidirlər.
İ.Tağıyev bildirir ki, ABŞ bazarında «Telegram» və «Whatsapp» o qədər də populyar olmadığına görə, «A Truck»ın xidmətləri «Apple» şirkətinə və «İphone»ə aid olan «i-Message» sistemi üzərindən də təqdim ediləcək: «Artıq layihənin həm də «i-Message» üzərinə keçirilməsi üzərində işlərə başlamışıq. Yaxın 2 ay ərzində Amerikada daha aktiv fəaliyyətə başlayacağıq».
Xatırladaq ki, «A Truck» yük sahibləri və avtomobil şirkətlərini əlaqələndirir. Sistemə sifariş yerləşdiriləndə «A Truck» bot sistemdə qeydiyyatdan keçmiş avtombillər arasında sözügedən sifarişə uyğun gələn avtomobilləri yük sifarişçisinə təqdim edilir.
Yeni layihədən ölkələrarası və xarici daşımalarla məşğul olanlar, eləcə də ölkə və Bakı daxilində yük daşıma xidmətindən istifadə edənlər faydalana bilər.
Yeni tətbiq həm sürücülər, həm də yük sahibləri üçün tamamilə ödənişsizdir. 4 dildə (Azərbaycan, rus, ingilis və türk dilləri) çalışan sistemin əhatə dairəsi təkcə Azərbaycanla məhdudlaşmır, «A Truck» vasitəsilə istənilən ölkədəki yük sahibi onun daşıması üçün avtomobil seçimini edə bilər.
Artıq Azərbaycanla yanaşı, ətraf ölkələr, Rusiya, Qazaxstan, Ukrayna, Özbəkistan, Türkiyə, İran və digər ölkələrdən olan çoxsaylı istifadəçilər sistemdə qeydiyyatdan keçib.