Azərbaycanın "Global Innovations” şirkətinin ödənişlərin 3 dəqiqə ərzində qəbul edilməsini təmin edən "E-point" platforması ilk ilində 10 milyon manat dövriyyəyə nail olub.
FED.az xəbər verir ki, bunu "Global Innovations” şirkətinin təsisçisi və icraçı direktoru Zeynal Kərimzadə bildirib.
Eləcə də bax: Azərbaycanlının da təsisçi olduğu startap 27 milyon dollar - İNVESTİSİYA ALIB
"E-point" Azərbaycandakı uğurlu startaplardan biridir.
"Bu gün biz bütün komandanın nəticəsini görürük və birlikdə getdiyimiz yola və bu yolda keçdiyimiz maneələrə görə hədsiz sevinirik. Lakin bu uğurun arxasında layihəyə 24/7 dəstək verən hər bir əməkdaşımızın gərgin iş prosesi dayanır",- Zeynal Kərimzadə bildirib.
Şirkətin direktoru qeyd edib ki, 2023-cü ildə ən azı 20 milyon manat dövriyyə hədəflənir:
"Proqnozlarımıza görə, bu rəqəmə (10 milyon manat - red) çatacağımızı dekabrın sonuna gözləsək də, komandamızın məhsuldar əməyi nəticəsində qrafiki qabaqlaya bildik. Bizim üçün bu, əlamətdar hadisədir, lakin biz bununla kifayətlənmirik və gələn ilin sonuna qədər bu rəqəmi ən azı iki dəfə artırmalıyıq. Biz bütün müştərilərimizə etibarlarına və bizneslərini rəqəmsallaşdırmağa kömək etmək imkanına görə minnətdarıq. Mən çox istərdim ki, ölkəmizin rəqəmsal iqtisadiyyatına öz töhfəmizi verək və orta və kiçik biznesə maneəsiz olaraq elektron ticarət dünyasına pəncərə açıb gəlirlərini artırmağa imkan verək".
Epoint - “Global İnnovations” şirkətinin məhsuludur. Epoint - elektron kommersiya xidmətlərinin göstərilməsi üçün yaradılmış platformadır. Platformanın köməyi ilə məhsulları və xidmətləri onlayn qaydada təqdim etmək, ödənişləri onlayn qaydada qəbul etmək mümkündür. Bankdan asılı olmayaraq, istənilən bankın biznes kartını əlavə edib, vəsaitləri qəbul etməyə başlamaq olur. (Marja)