Nazirlər Kabineti “Əlilliyi olan şəxslərin iş yerlərinin standartları”nı təsdiq edib.
FED.az-ın məlumatına görə, “Əlilliyi olan şəxslərin iş yerlərinin standartları tabeliyindən, mülkiyyət növündən, təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün müəssisə, idarə və təşkilatlara şamil edilir.
Eləcə də bax: Əlilliyin verilməsi prosesində yeni agentlik də iştirak edəcək
“Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən göndərilmiş, habelə işəgötürənlər tərəfindən işə qəbul edilmiş əlilliyi olan şəxslər Fərdi Reabilitasiya Proqramı və bu Standartlar nəzərə alınaraq iş yerləri ilə təmin olunurlar. Bu Standartlarda göstərilməyən digər istehsalat amilləri mövcud olduğu halda, əlilliyi olan şəxsin işləməsinə icazə verilməsi tibbi-sosial ekspert komissiyası tərəfindən ayrıca hal kimi həll edilir.
Oturaq vəziyyətdə işlərin görülməsi üçün iş səthinin hündürlüyü (masa üstü və s.) 700-750 mm hüdudunda tənzimlənməlidir. İş stolunun üzərindəki aparat, cihaz və digər ləvazimatdan istifadə zamanı qolların çiyin səviyyəsindən qaldırılması zərurəti yaranan iş yerlərində iş səthinin hündürlüyü 630-680 mm hüdudlarında tənzimlənməlidir. Əlilliyi olan şəxs üçün iş stulunun oturacağının ön tərəfi dəyirmi olmalıdır. Stulun oturacağı və söykənəcəyi yarıyumşaq olmaqla sürüşkən olmayan, elektrik keçirməyən, havakeçirmə qabiliyyətli materiallarla örtülməli, çirkdən asan təmizlənməli və texniki-estetik tələblərə cavab verməlidir. Əllə qaldırılan və başqa yerə daşınan yükün və ya tətbiq edilən qüvvənin həddi 10 kq-dan və iş növbəsi müddətində bir yerdən digər yerə daşınan yükün ümumi çəkisi 500 kq-dan artıq olmamalıdır. İş zamanı əmək şəraitinin gərginliyi və fasiləsiz müşahidə növbə müddətinin 25%-dən artıq olmamalıdır. İş yerində hava (temperaturu, rütubəti, hava cərəyanının sürəti, zərərli maddələrin olması) mütənasib əmək şəraitinə uyğun olmalıdır. Avadanlığın səthinin temperaturu 35 dərəcədən yuxarı olmamalıdır.
Əlilliyi olan şəxslərin xüsusiyyətlərindən asılı olaraq, əlilliyi olan şəxslərin iş yerlərinin yerləşdiyi binalar aşağıda göstərilən xüsusi rabitə və informasiya vasitələri ilə təchiz edilməlidir:
- səsin işıq indikatoru;
- işıq-çağırış siqnalları.
Binalarda dəhlizlərin eni 1,8 m-dən, qapıların girişinin eni 0,9 m-dən az olmamalıdır. Əlilliyi olan şəxs üçün xüsusi iş yerinin təşkil edilməsi digər işçilərin əmək funksiyalarının yerinə yetirilməsinə maneçilik yaratmamalıdır.. Əlilliyi olan şəxslərin iş yerləri yanğın və digər fövqəladə hadisələri bildirmək üçün əlilliyi olan şəxslərin xüsusiyyətlərindən asılı olaraq, xüsusi siqnalverici avadanlıqla təchiz edilməlidir.
Əlilliyi olan şəxslərin xüsusiyyətlərindən asılı olaraq, əlilliyi olan şəxslərin aşağıdakı işlərə cəlb edilməsinə yol verilmir:
- nərdivandan və digər vasitələrdən istifadə etməklə, hündürlüyə qalxmaqla görülən işlərə;
- bədən əzələlərinin statik gərginliyinə səbəb olan əmək prosesi ilə bağlı işlərə;
- kəskin vaxt çatışmazlığı ilə bağlı (məsələn, məcburi ritmdə işləyən konveyerdə) işlərə;
- narahat halda (çömbələrək, dizi üstə əyilərək və s.) görülən məcburi iş vəziyyəti, qarın və sinə ilə avadanlığa, əmək alətlərinə güc edilməsi, iş görərkən qamətin 15 dərəcədən çox əyilməsi ilə bağlı olan işlərə.
Əlilliyi olan şəxslərin xüsusiyyətlərindən və əlilliyi olan şəxslərin həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin məhdudlaşmasından asılı olaraq, əlilliyi olan şəxslərin aşağıdakı işlərə cəlb edilməsinə yalnız əlilliyi təyin edən müvafiq tibbi-sosial ekspert komissiyasının razılığı ilə yol verilir:
- partlayış xarakterli işlər;
- sualtı işlər;
- şaxtalarda və mədənlərdə yeraltı işlər;
- qaynar sexlərində görülən işlər;
- nəqliyyat vasitələrinin idarə edilməsi;
- hündürlükdə aparılan tikinti işləri və özül işləri;
- yüksək səs-küylü istehsalat işləri;
- zərərli maddələrin (qurğuşun, civə və s.) istehsalı ilə bağlı işlər;
- əlverişsiz meteoroloji şəraitlə (temperaturun kəskin və tez-tez dəyişməsi, rütubətin artması, havanın soyuması) bağlı işlər;
- böyük fiziki gərginliklə (yükdaşıyanlar, yerqazanlar və s.) bağlı işlər;
- hərəkət edən mexanizmlərə (vestibülyar aparatı pozulmuş şəxslər üçün) bağlı işlər;
- qışda isidilməyən binalarda, küləkçəkən yerlərdə yerinə yetirilən, ayaqqabının və paltarın islanması, əllərin soyuq suya salınması ilə bağlı işlər;
- elektrik və maqnit sahələrinin statik təsiri ilə bağlı işlər;
- radioaktiv maddələrlə və digər şüa ionlaşdıran mənbələrlə bağlı işlər;
- ultrasəsin təsiri ilə bağlı işlər;
- səsin intensivliyi 80 desibeldən artıq olan (optimal norma isə 55-60 desibel və aşağı ola bilər) işlər;
- zəhərli kimyəvi maddələrlə bağlı işlər;
- əsəb-emosional gərginlikli işlər.
Əlilliyi olan şəxslərin xüsusiyyətlərindən asılı olaraq tələb yarandıqda müəssisə, idarə və təşkilatlarda istirahət, məişət və yemək otaqlarında, eləcə də tibb məntəqələrində əlilliyi olan şəxslərə bu məqsədlər üçün müəyyən edilmiş yerlər nəzərdə tutulmalıdır. Əlilliyi olan şəxslərin iş yerləri onların istifadəsi üçün həyat fəaliyyəti kateqoriyalarının məhdudlaşması nəzərə alınmaqla uyğunlaşdırılmalıdır. Əlil arabasında hərəkət edən əlilliyi olan şəxslər üçün oturaq iş yerlərinin yaradılmasına üstünlük verilir. Bu halda sərbəst rejimli, xüsusi tapşırığın yerinə yetirilməsi tələb edilməyən işlər seçilməlidir. Oturaq vəziyyətdə işlərdə əlil arabasında hərəkət edən əlilliyi olan şəxslər üçün iş yeri yaradıldıqda, iş yeri antropometrik və erqonomik tələblərə cavab verən əsas və köməkçi avadanlıqlarla təchiz edilməlidir. İş yeri təşkil edilərkən, əlil arabasında hərəkət edən əlilliyi olan şəxsin fərdi tələbatları, məhdudiyyətləri və üzləşdiyi maneələr nəzərə alınmalıdır.
Mənbə: APA