Naxçıvan Muxtar Respublikası ilə Ermənistan arasında yeni strateji yüksəkliklər Azərbaycan Ordusunun nəzarətinə keçib.
FED.az xəbər verir ki, bu barədə Avstraliya İnstitutunun tədqiqatçısı Masis İngilizyanın "Bellingcat" açıq araşdırmalar portalında dərc olunmuş məqaləsində deyilir.
M.İngilizyan qeyd edib ki, hazırda Azərbaycan Silahlı Qüvvələri Naxçıvan-Ermənistan sərhədində neytral adlandırılan ərazidə mühəndiş işləri aparır. O cümlədən sərhəddə Ermənistan Silahlı Qüvvələrinin mövqeləri istiqamətində yeni yollar çəkilib.
Onun sözlərinə görə, "Planet Labs" tərəfindən aparılmış peyk çəkilişləri əsasında görünür ki, Azərbaycan 2018-ci ilin mayında tutulmuş, hazırda erməni silahlılarının ilk müdafiə xəttinə və ermənilərin mühüm strateji hərbi yoluna (çəkilişdə sarı çərçivədə göstərilir) nəzarət etməyə imkan verən yeni mövqelərə cari ilin yaz və payızında qoşun yeridib:
"Bu ilin mayından aparılmış peyk çəkilişlərinə baxarkən görünür ki, Azərbaycan həmin yolla qeyri-rəsmi demarkasiya xəttinə daha da yaxınlaşıb".
M.İngilizyan yazır ki, Arpaçaydan şimal-qərbə doğru dağlıq ərazi Azərbaycan Silahlı Qüvvələri tərəfindən mayda tamamilə tutulmamışdı, lakin indi görünür ki, dağ tam olaraq Azərbaycanın nəzarətinə keçib.
Müəllifin fikrincə, bu fəaliyyət erməni mövqelərinin artan zəifliyi səbəbindən Ermənistan SQ-ni müdafiə xəttini tərk etməyə məcbur edə bilər. Bu mövqelərdən biri (ikinci çəkilişdə qırmızı çərçivədə göstərilib) Azərbaycan Ordusunun irəliləməsi nəticəsində böyük ehtimalla tərk edilib:
"Hadisələrin bu cür inkişafı Ermənistan üçün yeni təhlükə yaradır, belə ki, bundan əvvəlki neytral ərazi indi erməni infrastrukturu və yaşayış məskənləri üçün təhdid ola bilər.
Qeyd edək ki, 2018-ci ilin may ayı ərzində Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilərək dövlət sərhədi boyunca əlverişli hədlər ələ keçirilib.