Azərbaycanın aparıcı bank olmayan kredit təşkilatı – «İnkişaf üçün Maliyyə» MMC Azərbaycan ordusunun apardığı uğurlu əməliyyatlar və torpaqların azad edilməsi fonunda bir sıra yeni qərarları qəbul edib.
FED.az-a şirkətdən bildirilib ki, «İnkişaf üçün Maliyyə» MMC BOKT Azərbaycanın apardığı Vətən müharibəsində kənarda qala bilməzdi. Yaranmış vəziyyətdə «İnkişaf üçün Maliyyə» MMC BOKT-un idarə heyəti 01 oktyabr 2020-ci il tarixində aşağıdakı qərarları qəbul edib.
1. Silahlı Qüvvələrə Yardım Fonduna 10 000 AZN vəsait köçürülüb.
2. Döyüş bölgəsindən təxliyyə edilmiş mülki şəxslərə humanitar yardımın göstərilməsi üçün vəsait ayrılıb.
3. Şəhid olmuş borcluların və ailə üzvü şəhid olmuş borcluların kredit borcları bağışlanıb.
4. Hərbi əməliyyatlarda iştirak edən hərbi vəzifəlilərin (hərbi strukturlarda çalışan, hərbi xidmətdə olan, qismən səfərbərlik nəticəsində cəlb olunan), yaşayış yerindən təxliyyə edilmiş borcluların kreditləri üzrə faiz hesablanması dayandırılıb və kredit ödənişləri təxirə salınıb.
«Ermənistanın Azərbaycana qarşı 27 sentyabr 2020-ci il tarixində səhər saatlarından başlayan növbəti təcavüz aktı mənfur düşmənin öz işğalçı siyasətindən əl çəkmədiyini bir daha ortaya qoymuşdur. Ermənistan silahlı qüvvələrinin bölmələri bir neçə istiqamətdən müxtəlif silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək dinc sakinləri, yaşayış məntəqələrini və mülki obyektləri, eləcə də hərbi mövqelərimizi atəşə tutmuşlar. Azərbaycanın silahlı qüvvələri düşmən təxribatının qarşısını almış və əks hücumla torpaqlarımızın azad edilməsi uğrunda əməliyyatlara başlamışdır.
Şanlı Ordumuzun işğal altında olan torpaqlarımızı azad etmək istiqamətində irəliləyişləri hər bir üzvümüzü sevindirir və qürurlandırır»-deyə BOKT-dan FED.az-a bildirilib.