Azərbaycan Mərkəzi Bankının (AMB) bank olmayan kredit təşkilatlarına (BOKT) qarşı risk menecmenti ilə bağlı tələbləri dəyişəcək.
Əhaliyə baha kredit təklif edən BOKT-ların – SİYAHISI - ARAŞDIRMA
FED.az xəbər verir ki, bunu AMB-nin Baş direktoru Toğrul Əliyev Bakıda keçirilən "Dayanıqlı Mikromaliyyə üçün İnnovativ Həllər" mövzusunda Azərbaycan Mikromaliyyə Konfransında bildirib.
"BOKT-lara dair qanunvericilikdə edilmiş dəyişikliklərdən irəli gələrək AMB-nin risk menecmentlə bağlı tələblərində dəyişikliklər gözlənilir. Bu məqsədlə prudensial tənzimləmə qaydalarının yenilənməsi üzərində iş aparılır", - deyə o qeyd edib.
Bundan başqa, AMB rəsmisinin sözlərinə görə, Azərbaycanda BOKT-lar və ümumilikdə mikromaliyyə sektoru üçün informasiya təhlükəsizliyinin təmin edilməsi üçün tələblər müəyyənləşdirilib: "Bu məsələ növbəti illərdə bizim hədəf diapazonumuzda olacaq, yəni nəzarət və tənzimləmə tədbirləri hədəflənir".
T.Əliyev həmçinin deyib ki, AMB BOKT-larda kredit risklərinin idarə edilməsi üzrə yeni qaydalar hazırlayıb: "Qaydalar həm "Azərbaycan Mikromaliyyə Assosiasiyası" İctimai Birliyi, həm də BOKT-larla müzakirə edilib, rəy və təkliflər əldə olunub. Bu yaxınlarda həmin sənədin qəbul edilməsi gözlənilir".
"Sektorun institusional potensialının gücləndirilməsi də əsas hədəflərimizdən biridir. Bu çərçivədə korporativ idarəetmə tələbələrinin sərtləşdirilməsi, kənar auditə dair tələblərin təkmilləşdirilməsi istiqamətində tənzimləyici fəaliyyət həyata keçirilməkdədir", - deyə T.Əliyev əlavə edib. (Report)