Hökumət lombardların fəaliyyətini tənzimləməyə hazırlaşır.
FED.az xəbər verir ki, artıq bu barədə qanun layihəsi Milli Məclisdə birinci oxunuşdan keçib. İndiyə kimi lombard fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün konkret tələb və nəzarət yox idi. Ancaq yeni qanun layihəsində lombard açmaq istəyənlərə konkret tələb qoyulur.
Eləcə də bax: «Sələmçilərin yanında banklar mələkdir» - MÜSAHİBƏ
Bununla bağlı əsas tələb qanunun 26.5-ci maddəsində nəzərdə tutulub. Həmin maddəyə əsasən, lombardı açmaq üçün müraciət edən fiziki şəxs və ya, müraciət edən hüquqi şəxsdirsə, burada mühüm pay sahibləri və onun rəhbər işçiləri vətəndaş qüsursuzluğu barədə arayış təqdim etməlidirlər.
Layihəyə görə, «vətəndaş qüsursuzluğu» dedikdə, mülkiyyət əleyhinə və iqtisadi fəaliyyət sahəsində ağır və xüsusilə ağır cinayətlərə görə məhkumluğunun olmaması, müvafiq vəzifəni tutması və ya peşə fəaliyyəti ilə məşğul olmasına məhkəmə qərarı ilə qoyulmuş qadağanın olmaması nəzərdə tutulur.
Eləcə də bax: "Biznesi fərqli aparıram, indi 46 mağazam var" - MÜSAHİBƏ
Məhkəmə qaydasında müflis elan edilmiş şəxslər də qanun qarşısında qüsursuz vətəndaş sayılmır və lombard aça bilməzlər. Bu tələblər xarici vətəndaşlara da aiddir. Belə ki, lombardın rəhbəri əcnəbi olduqda, rezidenti olduğu ölkənin müvafiq hakimiyyət orqanlarının onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə qanunvericiliklə müəyyən edilmiş qaydada leqallaşdırdığı arayış maliyyə bazarlarına nəzarət orqanına təqdim edilir.
Yeri gəlmişkən, lombardın filialının açılması üçün də əlavə icazə almaq lazımdır və lombardın yaradılması üçün qoyulan şərtlərdən əksəriyyəti filiaal üçün də tətbiq edilir.
Lombard fəaliyyəti ilə hamı məşğul ola bilməyəcək – ŞƏRTLƏR AÇIQLANDI
21:49
1 İyul 2019