“International” BOKT-un istiqrazları illik 15% gəlir gətirir...
Ölkənin ən iri bank olmayan kredit təşkilatlarından olan “International” BOKT-un istiqrazlarının yerləşdirilməsi üzrə hərracın tarixi açıqlanıb.
FED.AZ biznes və maliyyə xəbərləri portalı BFB-yə istinadən xəbər verir ki, qeyd olunan qiymətli kağızların yerləşdirilməsi üzrə hərrac 06.08.2026-cı il tarixində keçiriləcək.
Məlumata görə, söhbət 1 milyon manat həcmində, 10 min ədəd, ilkin ticarət qiyməti 100 manat olan, AZ2052021022 Dövlət Qeydiyyat Nömrəli – İSİN, faizli təmin edilməmiş, sənədsiz, adlı istiqrazlardan gedir. İstiqrazın illik faiz gəliri 15%-dir, tədavül müddəti 24 aydır.
Qeyd edək ki, Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT “International” ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı 08 iyul tarixində verilib.
İstiqrazların anderrayteri “PAŞA Kapital İ.Ş.” QSC-dir.












